"Barselona"nın hücumçusu Robert Levandovski kataloniyalılarla yeni oyun tərzindən danışıb.
Fanat.Az xəbər verir ki, klubun rəsmi saytına danışan polşalı ulduz əvvəllər "Barselona"ya məxsus "tiki-taka" üslubunun bu gün işləmədiyini deyib:
"Barselona" daha çox müdafiə yönümlü futbol oynayır? Bilirəm ki, klubun ənənəsinə görə biz həmişə hücum oyunu nümayiş etdirməliyik. Amma futbolun dəyişdiyini də başa düşməliyik. "Barselona"nın on il əvvəl oynadığı üsul indi işləməyə bilər. Biz futbola uyğunlaşmalı və ən yaxşı keyfiyyətlərimizi göstərməliyik. Digər tərəfdən, komandamızın oyunçuları da dəyişir. Biz hər matç üçün düzgün oyun tərzi seçməliyik. İndiki futbol on-on beş il əvvəlki kimi deyil. Sahib olduğunuz oyunçular arasında balansı və mükəmməl vəhdəti tapmalısınız.
Söhbət istifadə etdiyimiz taktikalardan və ya oyun tərzimizdən getmir. Futbolda istənilən sxemə uyğunlaşmağı bacarmaq lazımdır. Əvvəlki təcrübəmə görə, matçın gedişində dəyişə bilən müxtəlif formalarda oynamağa öyrəşmişəm. İstifadə olunan taktikadan asılı olaraq meydanda nə edəcəyinizi bilməlisiniz.
Xavi həmişə bizə deyir ki, matçın dinamikasını dəyişməyi bacarmalıyıq, bunun üçün fasiləni gözləmək lazım deyil. Məşqçini dinləməliyik, amma meydanda uğur qazanmaq üçün öz qərarlarımızı da verməyi bacarmalıyıq”.
Qeyd edək ki, ötən il "Bayern Münhen"dən "Barselona"ya transfer olan Robert Levandovski La Liqada meydana çıxdığı 20 matçda 15 qol vurub.
Mirağa