"Real" transfer bombasını partlatmağa hazırlaşır. Fanat.az xəbər verir ki, "Kral Klubu" Dortmund "Borussiya"sından Pyer-Emerik Aubameyanqı heyətinə qatır.
Bu barədə İspaniyanın AS qəzeti yazıb. Həmkarlarımızın iddiasına görə, Aubameyanq "Real"ın təklifini qəbul edib. Amma Madrid klubu hələ "Borussiya" ilə anlaşmayıb. Almanların qabonlu ulduz üçün 100 milyon avro istədiyi deyilir.
Xatırladaq ki, Aubameyanq bir müddət əvvəl açıqlama verərək babasına "Real"da oynayacağına dair söz verdiyini bildirmişdi: "Madriddən 100 km aralıdakı Avilada yaşayan babam 2014-cü ildə vəfat etdi. Ona bir "Real"da oynayacağıma dair söz vermişdim".
Qeyd edək ki, əvvəllər İtaliyanın "Milan", Fransanın "Dijon", "Lill", "Monako" klublarında çıxış etmiş Aubameyanq 2013-cü ildə "Sent-Etyenn"dən cəmi 1,3 milyon avroya "Borussiya"ya keçib. O, Almaniya klubulunun heyətində meydana çıxdığı 132 rəsmi oyunda 74 qol vurub. Cari mövsümdə 3 turnirdə (Bundesliqa, Almaniya Kuboku və Avropa Liqası) keçirdiyi 38 oyunda 33 qol vuran qabonlu forvard Bundesliqada 22 dəfə fərqlənib və bombardirlər yarışında bir qol geri qaldığı Robert Levandovskidən sonra ikinci pilləni tutur.
Avropa Liqasında cari mövsüm 8 dəfə fərlənən Aubameyanq "Qəbələ"yə qarşı iki oyun keçirib. Qrup mərhələsi çərçivəsində Bakıda keçirilən oyunda "Borussiya"nın bütün qollarına (3:1) imza atan forvard Dortmunddakı görüşdə də (4:0) bir dəfə fərqlənmişdi.
Fanat.az