Yay "transfer pəncərəsi" bağlandıqdan sonra futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların yeni planları ilə bağlı maraqlı məlumatlar yayımlamaqdadır.
"El Nacional" nəşri: "Çelsi" Kilian Mbappe uğrunda mübarizə aparmayacaq. London təmsilçisi fransız hücumçunun gələn il "Real Madrid"də oynayacağına əmindir.
"UOL Esporte" saytı: Hazırda azad agent olan Dani Alves bu həftə "Barselona" rəhbərliyi ilə görüşəcək. Onlarda futbolçunun yanvarda mümkün dönüşünü müzakirə etmək üçün bir araya gələcəklər.
"Calciomercato" nəşri: "İnter" və "Napoli" "Kalyari"nin yarımmüdafiəçisi Naitan Nandez üçün mübarizə aparacaq. "Kalyari" futbolçu üçün təxminən 30 milyon avro tələb edəcək.
"COPE" saytı: Hücumçu Radamel Falkao "Rayo Valyekano" ilə cari müqaviləsinin müddətini 2023-cü ilə qədər uzatmağa şifahi razılıq verib. Kluba yeni transfer olunan Falkao ilk 8 oyununda 5 qol vuraraq yaxşı təəssürat yaradıb.
Canluka Di Martsio idman jurnalisti: Frank Kessye "Milan"la müqaviləsini uzatmağa etiraz etmir, lakin ildə ən azı 9 milyon avro qazanmaq istəyir. "Milan" isə ona hələ də 6,5 milyon + bonuslar təklif edir. Klub rəhbərliyi futbolçunun istədiyi məbləğin çox yüksək olduğunu hesab edir.
"The Telegraph" nəşri: Gün ərzində "Aston Villa" baş məşqçi Stiven Cerrardın keçidi üçün "Reyncers"lə rəsmi danışıqlara başlayacaq.
"OneSoccer" saytı: Kanadanın "Toronto" klubu "Napoli"nin italiyalı futbolçusu Lorenso İnsinye ilə maraqlanır. Futbolçunun agenti bu yaxınlarda Kanadada danışıqlarda iştirak edib.
"todofichajes" nəşri: Jerar Pike Xavinin ona əsas heyətdə yer verməyəcəyi təqdirdə, "Barselona"nı tərk etmək niyyətindədir. Devid Bekhem artıq bir neçə həftə əvvəl Pike ilə görüşüb. Çox güman ki, futbolçu MLS təmsilçisi "İnter Mayami"də çıxış edəcək.
Emin Şəmsiyev