Yay "transfer pəncərəsi" bağlandıqdan sonra futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların yeni planları ilə bağlı maraqlı məlumatlar yayımlamaqdadır.
"Telefoot" nəşri: "İnter" "Lill"dən Conatan Davidi transfer etməyi planlaşdırır. İtaliya çempionu 21 yaşlı futbolçunu hələ ötən mövsümdən izləyir və onun üçün sərfəli təklif etməyə hazırdır. Bununla belə, "Lill" Davidi yaya qədər saxlamaq fikrindədir.
"SPORT" portalı: Xavi keçmiş futbolçusu Bağdad Bunecahanı "Barselona"da görmək istəyir. Əlcəzairli hücumçu heç vaxt Avropada oynamayıb. O, cari mövsümdə "Əl Sədd"in heyətində 9 oyun keçirib və 11 qolla yadda qalıb.
"todofichajes" nəşri: "Qranada"nın hücumçusu Karlos Bakka İspaniya klubu ilə müqaviləsini ləğv etməyə yaxındır. O, Kolumbiya çempionatına qayıtmaq istəyir. Bakka hələ yayda vətəninə qayıtmaq istəyirdi, lakin gedişi təxirə salmağa qərar verdi və "Qranada" ilə müqavilə imzaladı.
"Fichajes" nəşri: "Real Madrid" "Çelsi"dəki məyusluğu fonunda Meyson Mountun heyətinə qatmağı planlaşdırır. "Çelsi" hələ də ingilis futbolçunun gözləntilərinə cavab verən təklif irəli sürməyib. Onun Londondan ayrılacağı təqdirdə "Real Madrid" Meysonu almağa əsas namizəddir. “Bayern Münhen” və “Mançester Siti” də iddialılar arasındadır.
"Sky Sports" saytı: PSJ-nin çalışdırıcısı Maurisio Poçettino gələn yay "Mançester Yunayted"ə keçə bilər. Komandaya 2021/22 mövsümünün sonuna kimi müvəqqəti olaraq Maykl Karrik məşqçilik edəcək.
"News.am" saytı: Henrix Mxitaryan karyerasını Rusiyada davam etdirə bilər. Futbolçu sözügedən ölkənin "Zenit", ÇSKA və "Spartak" (Moskva) klublarının diqqət mərkəzindədir. Mxitaryanla baş məşqçi Joze Mourinyu arasında olan gərginlik səbəbilə onun "Roma"dan ayrılacağı gözlənilir.
Emin Şəmsiyev