Yay "transfer pəncərəsi" bağlandıqdan sonra futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların yeni planları ilə bağlı maraqlı məlumatlar yayımlamaqdadır.
"Corriere Dello Sport" nəşri: "İnter"in yarımmüdafiəçisi Marselo Brozoviç (Marcelo Brozovic) PSJ-nin maraq dairəsinə düşüb. Paris klubu gələn yay azad agent olacaq futbolçuya təklif yollamağı planlaşdırır. "İnter" isə öz növbəsində xorvatiyalı oyunçu ilə müqaviləni yeniləmək fikrindədir.
"Calciomercato" nəşri: "İnter" "Sassuolo"nun hücumçusu Cakomo Raspadorininə (Giacomo Raspadori) "göz dikib". Milan təmsilçisi futbolçunu yanvarda transfer etməyə çalışacaq. Raspadori İtaliya millisinin və "Sassuolo"nun əsas heyətində yaxşı təəssürat bağışlayır.
"Tuttosport" nəşri: "Fiorentina"nın hücumçusu Duşan Vlahoviç (Dusan Vlahovic) "Yuventus"a keçmək fikrindədir. Onun "bənövşələr"lə müqaviləsinin müddəti 2023-cü ilə qədər nəzərdə tutulub. "Fiorentina" Vlahoviç ilə yeni müqavilə imzalamaq imkanından imtina etdiyini təsdiqləyib.
"Calciomercato" nəşri: "Milan" qış "transfer pəncərəsi"ndə hədəfə aldığı futbolçuların siyahısından "Real Madrid"in yarımmüdafiəçisi İskonu (İsco) silib. İtaliya klubu futbolçunun gerilədiyini hesab edir.
"SPORT" idman portalı: Donni van de Bek (Donnie van de Beck) heyətə düşə bilmədiyi üçün "Mançester Yunayted"dən ayrılmaq fikrindədir. "Barselona" futbolçu ilə yaxından maraqlanır, amma transfer etmək imkanı olmadığından yalnız icarəyə götürə bilər.
"Corriere Dello Sport" nəşri: İvan Perişiç (İvan Perisic) 2022-ci ilin yayında "İnter"dən ayrılacaq. Yayda müqaviləsinin müddəti başa çatacaq futboloçu ilə yeni sözləşmə təklif olunmayacaq. Onun İngiltərə Premyer Liqasına keçəcəyi gündəmdədir.
"Evening Standart" nəşri: "Tottenhem" Nuna Eşpiritu Santunu klubdan qova bilər. Serxio Konseisau (Sergio Cinceisau) və Paulo Fonseca (Paulo Fonseka) komandanı çalışdıra bilər.
Emin Şəmsiyev