Yay "transfer pəncərəsi" bağlandıqdan sonra futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların yeni planları ilə bağlı maraqlı məlumatlar yayımlamaqdadır.
"Qlobo Esporte" saytı: "Seltik" Braziliyanın "Qremio" klubunda çıxış edən 20 yaşlı yarımmüdafiəçi Fernando Enrikeni (Fernando Henrique) izləyir. Klub nümayəndəsi qış "transfer pəncərəsi" açıqlana qədər anlaşmanı müzakirə etmək üçün "Qremio" ilə əlaqə saxlayıb.
"Sport Bild" nəşri: "Borussiya Dortmund"un futbolçusu Yussuf Mukoko qış "transfer pəncərəsi" dönəmində icarəyə verilməyəcək.
"AS" nəşri: "Milan" "River Pleyt"in 21 yaşlı ulduzu Xulian Alvarezi (Julian Alvarez) heyətinə qatmaq niyyətindədir. Argentinalı futbolçu ilə "Atletiko Madrid", "İnter", "Roma" və "Mançester Siti" klubları da yaxından maraqlanır. "Milan" artıq öz nümayəndələrini danışıqlar üçün Argentinaya göndərib.
Futbolçu Argentinada özünü ən yaxşı tərəfdən göstərməkdədir. Bu il Alvarez "River Pleyt"in heyətində 13 oyuna 10 qol vurub.
"Marca" nəşri: "Barselona" Rəhim Sterlinqi (Rahim Sterling) transferini yanvarda həll etmək fikrindədir. Sterlinq özü İngiltərədən kənarda oynamaq istəyir və "blauqrana"ya keçməyə hazırdır.
Emin Şəmsiyev