"Bəzi futbolçulardan narazı qaldım. İstədiyimiz kimi oynaya bilmədik". Fanat.az xəbər verir ki, bu sözləri "Zalsburq"la oyundan (0:2) sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Qurbanov hakimin bəzi qərarları ilə razılaşmadığını, ancaq bu haqda danışmağın mənasız olduğunu qeyd edib: “Hakimlik haqda danışmağın artıq mənası yoxdur. Birinci qolda İlqar Qurbanov zədələndiyi üçün meydanın kənarında idi. Namiqi onun əvəzinə meydana buraxmaq istəsəm də, hakim buna icazə vermədi. Ona görə hakimə etiraz etdim. Digər epizodda isə hakim Çumbinyonun hərəkətini qayda pozuntusu kimi qiymətləndirdi. Ancaq oyunu saxlamaya bilərdi. İndi bunları danışmağın mənası yoxdu".
"Qarabağ"ın baş məşqçisi Reynaldonun oynmamasının komandaya təsir etdiyini bildirib: "Heyf ki, Reynaldo ən yaxşı formada olduğu bir vaxtda bizə kömək edə bilmədi. Ancaq biz tək Reynaldodan ibarət deyilik. Bəzi aparıcı oyunçumuzun olmaması özünü göstərdi. Rəqib bilirdi ki, beş müdafiəçi ilə oynayacağıq. Onlara bu haqda əvvəlcədən məlumat ötürülmüşdü".
Qurbanov bu oyunu unutmalı olduqlarını bildirib: "Artıq bu oyunu unutmalıyıq. Bizi Avropa Liqasında mübarizə gözləyir və bu barədə düşünməliyik"
Fanat.az