İki dostun şəhərin müxtəlif çayxanalarında milli içkimizlə boğazlarını yaşlayıb futboldan danışdığını çox görmüşük. Köhnə dostlar bu dəfə çay yox, qəhvə içməyə qərar vermişdilər.
- Qaqa, bu kafenin dadı yox imiş heç...
- Kafe yox e, kofe.
- Dadı olmayandan sonra adının nə fərqi var ki... Bunu hamı üzə düşüb içir e, sən öl.
- Saa deyən var idi, adını bilmədiyin şeydən iç?
- Rusetdən gələndən bəri yaman aqressiv olmusan ha, xalaoğlu. Gəl, döy əəə!
- Qadan alaram ə, sənin. Səni döymək olar? Zarafatdı dana, eliyirəm.
- Sabah gedəcəksən “Neftçi”nin oyununa?
- Avroliqa oyunudu?
- Yox, Böyükağa Hacıyev hasarın bəri üzündə qaldı. “Xəzər Lənkəran”la oynayacaq.
- Hacıyev harda qaldı?
- Birinci hasarın bəri üzündə qaldı. Sonra da getdi evlərinə.
- Getdi, yoxsa göndərdilər?
- Orasını bilmirəm. Onu deyə bilərəm ki, elə hər iki hasarın bəri üzündə qaldı. İndi xidmətində maraqlı olan 46 klubdan birini seçib orda işləyəcək.
- 46 klub?
- Özü 2012-də qrupa düşəndə hər dəfə 5-6 klubdan zəng elədiklərini deyirdi. Saymışam, 46-dı. Amma deyəsən hamısına “otval” verib.
- Nə bilirsən?
- Evdə çay içir, ona görə deyirəm.
- Qaqa, “Xəzər Lənkəran”la oynayacaq doğrudan?
- Hə.
- Bəs niyə səs-küy yoxdu? Əvvəllər bunlar oynayandan bir həftə qabaq hara baxırdınsa, hamı futboldan danışırdı.
- AFFA futbol oynamağa qoymur. Belə getsə, 1 ildən sonra futbolu nərdlə əvəzləyəcəklər.
- Niyə qoymur ki? AFFA futbolun inkişafına cavabdehlik daşıyan qurum deyil?
- Öz aramızdı, azarkeşlər olanda problem çıxır axı. Kimə lazımdı ki, azarkeş? Tappaturup, zappazarapp... Başları sakit, qulaqları dinc... Camaat çox olanda adi futbola oxşayır. Bizimkilər təzə üsulla inkişaf yolu seçiblər. O gün AFFA-nın baş katibi Elxan Məmmədov saatsatan gədəni işdən çıxarıb yerinə futbol məşqçisi gətirəcəklərinə söz verib.
- Saatsatan hansıdı?
- Qıvrımbaş dana, alman.
- Bəs deyirdin o, bədən tərbiyyəsi müəllimidi.
- Ə yox, sən Pilzerlə dəyişik salırsan. Pilzerin dalından çoxdan dəyiblər. Elə bilirmişlər fizika müəllimidi, sonradan başa düşüblər ki, buna Almaniyada heç dərs saatı verən də yox imiş. Lippert əsl saatsatan olub. Yüz faiz.
- İndi Lippert gedəcək vəzifəsindən?
- Portuqaliyaya səfərdə yaxşı uduzduqlarına görə bir şey deyə bilmərəm. U-21 orda qol vurub Portuqaliyaya. İndi qolu pulla alıb-almadıqlarından xəbərim yoxdu. Amma vurmağına vurublar.
- Evdə Bolqarıstana qol vuran əsas yığmanın baş məşqçisi Berti Foqts qalırsa, Lippert səfərdə qol vuran komandanın baş məşqçisidisə, heç yerə gedən deyil.
- Nə deyirsən, gedək “Neftçi” – “Xəzər Lənkəran”a baxmağa? Telekanallar da göstərməyəcək.
- Gedək deyirsən, gedək də. Gələn dəfə İK-nın kayfına düşsə, bu iki komandanın üz-üzə gəlməsinə birdəfəlik qadağa qoyacaq. Nə bilmək olar, bəlkə də sonuncu görüşləridi, gedək.
Fanat.az