"Qriqorçuk bizdən sürətli futbol tələb edir"

"Qriqorçuk bizdən sürətli futbol tələb edir"

Aprelin 8-də 20 yaşını tamamlayan Tellur Mutəllimov “Qəbələ” Futbol Akademiyasının ən yaxşı yetirmələrindən biridi. O, son vaxtlar haqqında ən cox danışılan, diqqət mərkəzinə duşən futbolculardan sayılır. Xususilə bu mövsüm - “Qəbələ”nin əsas komandasına cağırıldıqdan sonra Tellurun karyerasında yeni səhifə acılıb. Tellur Mutəllimova "Qəbələ İK" qəzetinə müsahibə verərək, hələlik qısa olan futbolcu karyerasından danışıb.

Bir aya əsas komandaya

Tellurun futbola gəlişinin maraqlı tarixçəsi var. Hələ uşaq yaşlarından “idmanın şahı”na böyük sevgisi olan Mütəllimov 15 yaşına qədər öz kəndlərində - Xaçmazın Qoçaqlı kəndində futbol oynamaqla kifayətlənir. Həmin vaxt özündən yaşca böyüklərlə meydana çıxan, başabaş mübarizə aparan Tellurda futbol istedadının olduğunu kənddə hamı bilirdi. Həmçinin, valideynləri də övladlarının bacarığından xəbərdar idilər. Bilirdilər ki, futbola çılğın sevgisi olan bu oğlanı peşəkar futbol məşqlərinə yönəltmək lazımdı. Bu məqsədlə günlərin bir günü atası Telluru Bakının “Təhsil” klubuna baxışa gətirir. Elə ilk məşqdəcə bu kənd uşağının topla davranışı, meydançadakı sərbəstliyi məşqçiləri, yaxşı mənada, təəccübləndirir: “Məni dərhal komandaya götürdülər. Yadımdadı ki, çempionatda birinci dövrə başa çatmışdı, fasilə idi. “Təhsil” komandasında cəmi bir ay məşq etdikdən sonra əsas heyətə düşdüm”.

Bakıdan Qəbələyə gedən yol

Bir müddət “Təhsil”də oynadıqdan sonra “Qəbələ”nin məşqçiləri Telluru gözaltı ediblər. Qəbələyə baxışa dəvət olunan yeniyetmə futbolçu burada da uğur qazanaraq, “qırmızı-qara” formaya qovuşub: “Qəbələ” digər klublardan çox fərqlənir. İnfrastrukturuna, uşaq futbolunun inkişafına göstərilən diqqətə, futbolçulara yaradılan şəraitə görə “Qəbələ” Azərbaycanın bir nömrəli klubudu. Bu səbəbdən komandamı dəyişərkən, Qəbələ variantı barədə çox düşünməyə ehtiyac qalmadı. Dərhal seçimimi bu komandanın lehinə etdim”.

Tellur futbola bir çox yaşıdlarından gec başlasa da, uyğunlaşma prosesi ilə bağlı problem yaşamayıb: “Təhsil”də oynayarkən ilk dəfə evdən kənarda, valideynlərimdən ayrı yaşamağa başladım. Buna görə də Qəbələyə köçərkən, uyğunlaşma prosesini tez keçdim. Hətta “Qəbələ”də ilk məşqçim Famil müəllim (Famil Xəlilov- red.) deyirdi ki, nadir hallarda futbolçu yeni komandasına belə tez öyrəşir”.

Ən zəif cəhət

Tellur “Qəbələ” Futbol Akademiyasının müxtəlif komandalarında oynadıqdan sonra əvəzedici heyətə, nəhayət, bu mövsümdən etibarən isə əsas komandaya cəlb olunub. Onu əsas komandaya ilk dəfə “Qəbələ”nin sabiq baş məşqçisi Dorinel Muntyanu çağırıb. Roman Qriqorçukun “qırmızı-qaralar”a gəlişindən sonra da Mütəllimov məşqçilər korpusunun nəzərində olub. O, qışda Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışına da qatılıb. 

Həmin hazırlıq prosesində özünü yaxşı göstərən Tellur dəfələrlə “18-liy”ə düşməsinə baxmayaraq, “Qəbələ” nin əsas komandasında rəsmi matçda hələlik debüt etmək şansı qazanmayıb. Bununla belə, Mütəllimov tezliklə “qırmızı-qara” formada debüt edəcəyinə inanır: “Yəqin ki, hansısa cəhətimi məşqçilər zəif qiymətləndirdiklərinə görə, hələ də heyətə buraxmayıblar. Dəqiq bilirəm ki, təkbətək mübarizələrdə rəqibdən top ala bilməməyim Roman Qriqorçuku qane etmir. Bu barədə o özü də mənə deyib”.

“Qriqorçuk Muntyanudan fərqlənir”

Yeri gəlmişkən, gənc futbolçu keçmiş və indiki məşqçisini müqayisə edib: “Həm Muntyanu, həm də Qriqorçuk təcrübəli, Avropa futbolu görmüş məşqçilərdi. Ancaq Qriqorçuk Muntyanudan bir qədər fərqlənir. O, çox tələbkar mütəxəssisdi. Bizdən sürətli futbol tələb edir, komanda şəklində irəli atılmağımızı, elə komanda şəklində də müdafiəyə çəkilməyimizi istəyir”.

Əsas komandada hələlik ən böyük istəyinə çatmayan Mütəllimov 2015-ci ilə əvəzedici heyətdə yaxşı başlayıb. Son oyunlarda 5 qol vuran, o cümlədən, AZAL-la matçda het-trik edən Tellur əvəzedici komandada 3 ən məhsuldar futbolçudan biridi. Onun hansı mövqedə oynaması da mübahisəli məsələdi: “Futbola hücumçu kimi başlamışam. Sonra “Qəbələ” Futbol Akademiyasında yarımmüdafiədə çıxış etməli oldum. Məşqçilər məni digər mövqelərdə də sınamaq qərarına gəldilər. Nəticədə müdafiəçi qismində də oynadığım vaxtlar olub. Yəni qapıçılıqdan savayı, bütün funksiyaları yerinə yetirmişəm. Buna görə məni universal oyunçu hesab edirlər”.

Milli komanda və legioner həyatı arzusu

“Qəbələ”nin yetirməsi vaxtilə Azərbaycanın 19 yaşlılardan ibarət yığmasının şərəfini qoruyub. Hazırda U-21 milli komandasının üzvü olan Tellur əsas yığma barədə də düşünür: “Təbii ki, ölkəmizin əsas milli komandasında oynamaq mənim üçün qürur olardı. Bilirəm ki, bundan ötrü öz üzərimdə çox çalışmalıyam. Həqiqətən də gənc, istedadlı futbolçuların üzünə yığmanın qapıları açıqdı. Məsələn, “Qarabağ”dan Namiq Ələsgərov bu gənc yaşında millinin heyətində yer alır. Deməli, bacarıqlı, perspektivli futbolçulara dəyər verilir”.

Azərbaycan futbolunun gələcək ulduzu sayılan Mütəllimov legioner həyatı yaşamaq istəyini gizlətmir: “Ümid edirəm ki, nə vaxtsa bu arzum həyata keçəcək. Hansı ölkənin çempionatında oynamaq istəyimə gəlincə, Avropanın qabaqcıl ölkələrinin adını çəkə bilmərəm. Yəni, real danışmaq lazımdı. Gücümüz çatan ölkələr Rusiya, Türkiyə çempionatıdı. Əgər qismət olarsa, sonra daha güclü çempionatlarda oynayarıq”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər