Oğuz Çətin futbolçularına barmaq silkələdi: "Olmaz"

Oğuz Çətin futbolçularına barmaq silkələdi: "Olmaz"
"Xüsusi bir oyun oldu. Biz buna qədər öz səhvlərimizdən xallar itirmişik. “İnter”lə oyuna qədər qol epizodlarında daha kəsərli idik". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi" ilə oyundan (2:2) sonra "Xəzər Lənkəran"ın baş məşqçisi Oğuz Çətin deyib.
Türk məşqçi qırmızı vərəqə alan oyunçularından danışıb: "Biz bu gün daha şiddətli problemlərlə üzləşdik. Çox rahat qələbə qazana bilərdik. Hesabı 2:1 etdiyimizə görə, 1 qolu da vurmalı və daha rahat oynamalı idik. Mən futbolçularımla çox danışmışdım. Onlara demişdim ki, kart almaq olmaz. Sadio Tounkara və Əfran İsmayılovun etdiyi hərəkətlər və aldığı qırmızı vərəqələr bağışlanan deyil. Oyunçular bizimdi və bu liqanı bu oyunçularla davam etdirəcəyik. Amma istənilən halda, qərarlar veriləcək. Bu qədər ciddi çalışmaların fonunda xətalara yer yoxdu. Oyunçular bunu bilsinlər". 
Oğuz Çətin futbolçuların və hakimlərin təhqir olunmasını yolverilməz hesab edir: "Mən ciddi şəkildə çalışıram. Peşəkar bir iş görürəm. Amma insan faktorunun önünə keçmək mümkün deyil. Futbolun içində təhqir olmamalıdı. Həm hakimi, həm də futbolçunu təhqir etmək olmaz. Türkiyədə “Fənərbaxça” və “Qalatasaray” azarkeşləri necə aqressivdilərsə, təəssüf ki, Azərbaycanda bu “Xəzər Lənkəran” və “Neftçi” azarkeşləri arasında var. İstərdim ki, “Xəzər Lənkəran” - “Neftçi” oyunları dostluq şəraitində keçsin". 
Baş məşqçi hakimin qırmızı vərəqələrdə haqlı olduğunu bildirib: "Hakimliklə bağlı deyim ki, çox adi epizodlarda qırmızı vərəqə gördük. Mən bu baxımdan hakimləri günahlandırmıram. Düşünürəm ki, oyunda hakim səhvləri oldu. Lakin qırmızı vərəqələri hakim səhvi kimi qələmə verə bilmərəm, nəticədə hərəkətləri edən bizim futbolçularımız idi".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər