"Həftənin altı günü, üç gün səhər, üç gün isə axşam futbol oynayıram. Bu oyunun üç günü peşəkarlarla baş tutur, digər üç günü isə gənclərlə keçir". Fanat.az xəbər verir ki, bu sözləri APA TV-nin “Sən demə” verilişinə deputat Fazil Mustafa deyib.
Millət vəkili futbol oynamayanda yazı yaza bilmədiyini deyib: "Mən futbol oynamadığım günlərdə yazı yaza bilmirəm. Oynadığım günlərdə isə daha məhsuldar işləyirəm. Futboldan sonra bütün gərginliyimi atıram. Futboldan sonra ən xoşuma gələn məqam onun müzakirəsidi. Oyunda qalib gəldiyimiz komandanı alt mərtəbəyə gətirmək, gülüş obyektinə çevirmək, özümüz məğlub olanda isə eyni şeyi öz üzərimizdə hiss etməkdi. Futbol, uşaqlıqdan bu günə qədər gətirdiyim, həyatımın ən maraqlı xobbisidi. Bunu ortaq məktəb illərindən çöldə, dar küçələrdə, müxtəlif məkanlarda oynamışıq".
Fazil Mustafa hərbi xidmətdə də futboldan ayrılmayıb. O, yadına düşən bir epizodu da danışıb: "Əsgərlikdə olanda Kiyev "Dinamo"sunun oyunçularının bir qismi siqaret çəkib, spirtli içki qəbul etdiyinə görə məşqçiləri onları bizim hərbi hissəyə yollamışdı. Ona görə də bizim komandanın heyəti əsasən "Dinamo"nun əvəzedicilərindən ibarət idi. Daxili qoşunların çempionatının final oyununda 3:1 hesabı ilə qalib gəldik və topların 3-nü də mən vurdum. Məni məhz o oyuna görə komandirimiz vaxtından əvvəl hərbi xidmətdən azad etdi. Yəni futbolun xeyrini hərbi hissədə də gördüm. Uşaq vaxtı ailədə bizi futbola buraxmırdılar. Bu işə yaxşı baxmırdılar. Elə bilirdilər futbol izafi işdi və deyirdilər sən mütləq kitab oxumalısan. Mən yaxşı oxuyurdum və ailədə elə bilirdilər ki, oxumaqdan başqa görəcəyim hər iş avaraçılıqdı. Məhz buna görə peşəkar futbola istiqamətlənə bilmədim".
Deputat azarkeşlik elədiyi klublardan da danışıb: "Əvvəllər “Qalatasaray”ı, “Liverpool”u dəstəkləyirdim. İndi konkret bir komandaya azarkeşlik etməyi üstün tutmuram. Fanatizmə yaxşı yanaşmıram. Bir komanda bu il yaxşı oynaya bilər, gələn il yox və ya əksinə. Ancaq sevdiyim oyunçular var. Hazırda "Bavariya"da oynayan Aryen Robbeni dəstəkləyirəm. Elə "Bavariya"nın indiki oyun üslubunu da çox bəyənirəm. Robben müasir futbolda üslubundan ən çox razı qaldığım, zövq aldığım oyunçudu. 1982-ci ilin dünya çempionatında İtaliya qalib oldu. O vaxt Paolo Rossi adlı oyunçu var idi İtalyada. O mənim kumirim idi. Və mənim bütün futbol köynəklərimdə onun adı və nömrəsi yazılmışdı. Mənim öz üslubum da Rossininkinə çox bənzəyirdi".
Sən demə Fazil bəy, bosketbol, şahmat da oynayırmış: “İstər futbol, istərsə də basketbol həm də intellektual oyundu. Burada olan düzülüş, topla davranış, oyunu hiss etmə siyasətdə də öz təsirini göstərir. Oynadığın üslubu siyasətdə də tədbiq edə bilirsən. Bilirsən ki, müdafiədə, hücumda nə etməlisən. Bütün bu oyunlar zəka tələb edir. Bu baxımdan şahmatı da çox sevirəm. Elə olar ki, gündə bir neçə partiya oynayaram. Oynadığım adamlar isə müxtəlif kateqoriyadandı. İndi daha çox millət vəkilləri ilə oynayıram. Bir müddət şahmat dərnəyinə gedirdim. Bir dəfə orada maraqlı bir hadisə oldu. Şəhər çempionatına çıxmışdırq və 4 nəfər idik. Üç oğlan bir qız. Qaydalara görə əgər hesabda bərabərlik olardısa üstünlük qızın oynadığı komandaya verilirdi. Çıxdıq finala. Mən şahmatı yaxşı oynayıram. Amma komandada zəif olduğum üçün ilk sırada yarışırdım. Cəmi 1 oyun uddum, qalan 8-ni uduzdum. Amma komandanın digər üzvləri qalib gəldi və onların hesabına qalib olduq. Komandanın kapitanı kimi mükafat mənə verildi. Baxmayaraq ki, mən bütün oyunları uduzmuşdum".
Fanat.az