Almaniyanın "Bayern Münhen" klubu müdafiəçi Yozua Kimmixlə (Joshua Kimmich) müqavilə yeniləyib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
26 yaşlı futbolçu klubla anlaşmasının müddətini 2025-ci ilə qədər uzadıb.
"Müqavilənin uzadılmasının əsas səbəbi burada hər gün futbol oynamaqdan zövq almağımdır. Hər şeyə nail ola biləcək bir komandanın heyətindəyəm. Komanda yoldaşlarım mənim üçün əsl dosta çevriliblər.
Düşünürəm ki, hələ maksimuma çatmamışam. Komandada inkişaf etməyə davam edəcəyəm" - deyə Kimmix yeni müqaviləsinə münasibətini bildirib.
Xatırladaq ki, futbolçu "Bayern Münhen"in heyətində keçirdiyi 173 oyuna 17 qolla yadda qalıb.
Emin Şəmsiyev