Bu axşam Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab matçında "Vilyarreal" və "Liverpul" qarşılaşacaq.
Fanat.Az xəbər verir ki, öz meydanında 2:0 hesablı qələbə qazanan "Liverpul" səfər matçı ərəfəsində ciddi üstünlüyə sahib olsa da, əfsanəvi italiyalı mütəxəssis Arriqo Sakki ingilisləri aşağılayıb.
76 yaşlı çalışdırıcı Yürgen Kloppun komandasında dünya səviyyəli futbolçu olmadığını deyib:
"Liverpul"un dünya səviyyəli oyunçusu yoxdur. Salah İtaliyada çıxış edəndə yaxşı oyunçu idi. Ancaq heç o da dünya səviyyəli deyil. Sadəcə, "Liverpul" çox yüksək temp və intensivlikdə oynayır".
Qeyd edək ki, Sakki keçən həftə "İnter"in 1960-cı illərdəki kimi köhnə futbol oynadığını söyləsə də, sonradan fikirlərinə bir qədər düzəliş edib:
"Ola bilər ki, mən səhv tələffüz etdim və ya səhv başa düşüldüm. "İnter" evdə yaxşı futbol oynayır. Lakin beynəlxalq miqyasda yüz cəhddən birində uğur qazanır və ya ümumiyyətlə, qalib gəlmir. Oyunda üstünlük əldə etməsəniz, uğurlu çıxışınızı məhdudlaşdırırsınız".
Arriqo Sakki karyerasında "Parma", "Milan" və "Atletiko Madrid" kimi tanınmış komandaların baş məşqçisi olub. O, 1991-1996-cı illərdə İtaliya millisini çalışdırıb və "skuadra adzurra"ya ABŞ-da keçirilən DÇ-94-ün gümüş medallarını qazandırıb.
Mirağa