Fanat.az YUXU rubrikasında növbəti yazını təqdim edir.
- Salam, dahi mütəxəssis!
- Salam, ey futboldan bixəbər ölkənin bədbəxt idman yazarı.
- Cənab Foqts, axı Siz də bu məmləkəti təmsil edirsiniz, deməli biz hər ikimiz bədbəxtik...
- Əzizim, mən Şotlandiyanı, Nigeriyanı təmsil etmişəm, onları da bədbəxt etmişəm. Ancaq gör indi deyən var ki, həmin ölkələri nə vaxtsa təmsil etmişəm?
- Öz aramızdı, bircə kəlimə ilə yenidən AFFA-ya müqavilə bağlatdırdız...
- UEFA və FİFA-ya AFFA-da baş verənlər barədə danışacağımı söylədikdə?
- Elədir ki var!
- Sən hələ gəncsən, mən isə dünya futbolunda saç ağartmışam. Lüksemburqla heç-heçələrdən kim şübhələndi? Bəs ruslarla Bakıdakı heç-heçələrdən?
- Mən!
- A bala, sənin şübhələnməyinin qiyməti 1 qəpikdi e! Rəsmi şəkildə hər şey normal alındı. İndi təsəvvür edirsən, futbolçu kimi dünya çempionu, məşqçi kimi Avropa çempionu olmuş və Azərbaycan millisinin həmin vaxt "sükanı arxası"nda dayanmış bir şəxs bu hadisələri Avropa mətbuatında nəql edir?!
- Bəs Bolqarıstan necə, ey dünya şöhrətli mütəxəssis?
- Danışa bilmədilər də, mən nə edə bilərəm? Bolqarları razı sala bilsəydilər, indi 3 xalımız vardı.
- Yox e, deyirəm bəlkə öz gücümüzə...
- (Ucadan gülərək) Bu məmləkətdə bəzək daha önəmlidi. Bilirsən də bəzək və təzək məsələsi... Sizin medianı futbolçuların himn oxuması maraqlandırır. Ancaq Azərbaycan qalib gəlsə, heç kimin himn yadına düşməyəcək. Futbol təfəkkürünüz sıfırdan aşağıdı. Futbolçularınız oyundan çıxıb barlara yollanırlar. Rejimə riayət edən yığma üzvü tapmaq çox çətin məsələdi. Bu komandanın hansısa yığmaya qalib gələcəyini əminliklə söyləmək mümkün deyil.
- Deyirsiniz yəni Maltanı da uda bilmərik?
- Əzizim, mən elə söz demədim. Maltanı da uda bilərik, üstəlik, Xorvatiyanı da. Ancaq əvvəlcədən bunu əminliklə söyləmək olmaz. Azərbaycan futbolunun səviyyəsi elə kökdədi ki, ancaq Azərbaycandan güclüdü.
- Pul yəni o qədər gözünüzü tutub ki, bu qədər söyüşə göz yumub millimizin qrup 3-cülüyü uğrunda mübarizə apardığını söyləyirsiniz?
- Sualına cavab verməzdən öncə icazə ver bir sual da mən verim. Azərbaycan Avropa və ya dünya çempionu olsa, sən çox sevinəcəksən, yoxsa mən?
- İnciməyin, ancaq əminəm ki, mən!
- Ay sağ ol! Çünki sən azərbaycanlısan və millətinin, bayrağının uğuruna sənin qədər heç bir alman sevinə bilməz.
- Bəs 3-cü yer məsələsi?
- Sənin azərbaycanlıların futbol adı ilə milyonları basıb yeyirlər. Onları öz millətlərinin uğuru düşündürmürsə, mənə nə gəlib?
- Cənab Foqts, bu tsikl də əldən gedib. Buna zərrə qədər şübhəm yoxdu. Ümumiyyətlə, nə vaxtsa millimzdən getməyi düşünürsünüz?
- Çox dayaz düşüncəyə maliksən. Elə bilirsən Qurban Qurbanovun gəlişi nəyisə dəyişəcək?!
- Yox əşşi, elə-belə soruşdum. Sadəcə maraqlı idi ki, AFFA-dakılar işlərini bəri başdan ehtiyatlı tutsunlarmı?
- Hansı işlərini?
- Fəxri Xiyabanda yer sifariş versinlər, yoxsa ehtiyac yoxdu?
- Sənin bu Britaniya yumorunun heç yeri yoxdu. Necə deyərlər, bacarana baş qurban.
- Ay maşallah, dilimizdə bir kəlimə kəsməsəniz də, atalar məsəllərimizdən bixəbər deyilsiniz...
- İncimə, Almaniyaya tələsirəm. İtaliya və Xorvatiyadan sonra danışmaq üçün xeyli mövzularımız olacaq.
- Yəni həmin oyunlardan xal götürmək niyyətindəsiniz?
- Niyyətin hara, mənzilin də ora. Xal olacaq - əla, olmayacaqsa, deməli, klublar günahkardı. Di salamat qal, futboldan bixəbər ölkənin bədbəxt jurnalisti.
Fanat.az