Qış "transfer pəncərəsi" dönəmindən istifadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir.
"Sport ES" saytı: Samuel Yumtiti "Fənərbağça"ya keçiddən imtina edib. Futbolçu "Barselona" rəhbərliyinin digər klublarla danışıq aparmasına icazə verməməsindən üzüldüyünü bildirib.
Helena Kondis Edo (COPE): "Aston Villa" Felipe Koutinyonu icarəyə götürmək üçün "Barselona" ilə danışıqlar aparır. İspaniya təmsilçisi yarımmüdafiəçi ilə yollarını ayırmaq niyyətindədir.
Canluka Di Martsio: Kşiştof Pentek "Herta"dan "Fiorentina"ya keçəcək. "Herta" "Genoa" ilə transferdə razılaşsa da, polşalı futbolçu "Fiorentina"ya keçidi seçib.
"L'Equipe" nəşri: "Yuventus" Mauro İkardinin transferi ilə bağlı PSJ ilə əlaqə saxlayıb. Paris təmsilçisi futbolçunu buraxmağa hazırdır.
"Calciomercato" nəşri: "Napoli", "İnter" və "Milan" "Empoli"nin sol cinah müdafiəçisi Fabiano Parisi üçün mübarizə aparacaq. Hər üç klub müqaviləsi 18 ay sonra başa çatacaq 22 yaşlı futbolçu ilə yanvarda müqavilə imzalamaqda maraqlıdır.
Baş tutmuş transfer xəbərləri:
Katsper Kozlovski (18 yaşlı yarımmüdafiəçi)
"Poqon"dan (Polşa) "Brayton" (İngiltərə) klubuna keçib. Transfer məbləği - 8 milyon funt. Müqavilə 2025/26 mövsümünün sonuna qədər nəzərdə tutulub. O, mövsümün ikinci yarısını icarə əsasında Belçika çempionatının lideri "Royal Union"da keçirəcək.
Hayao Kauabe (26 yaşlı hücumameyilli yarımmüdafiəçi)
"Qrasshopper"dən (İsveçrə) "Vulverhempton"a (İngiltərə) transfer olunub. Transfer məbləği - 500 min funt sterlinq. 3,5 illik müqavilə nəzərdə tutulub. O, mövsümün ikinci yarısını icarə əsasında "Qrasshopper"də keçirəcək.
Edin Vistsa (31 yaşlı oyunçu)
"İstanbul Başakşehir"dən (Türkiyə) "Trabzonspor"a (Türkiyə) keçib. Transfer məbləği - 3,5 milyon avro. 2011-ci ildən "İstanbul Başakşehir" klubunda çıxış edir. Bu mövsüm o, 19 oyun keçirib, 4 qol vurub və 9 məhsuldar ötürmə edib.
Leo Skiri Estiqor (22 yaşlı müdafiəçi)
"Brayton"dan (İngiltərə) "Cenoa"ya (İtaliya) keçib. 2021/22 mövsümünün sonuna qədər icarəyə verilib. O, mövsümün ilk yarısını “Stok Siti”də icarə əsasında keçirib. Norveç U-21 millisinin üzvüdür.
Cordan Amavi (27 yaşlı müdafiəçi)
"Marsel"dən (Fransa) "Nitsa"ya (Fransa) icarəyə verilib. Satınalma seçimi ilə 2021/22 mövsümünün sonuna qədər klubda icarədə olacaq.
Ceyms Sands (21 yaşlı yarımmüdafiəçi)
"Nyu-York"dan (ABŞ) "Reyncers"ə (Şotlandiya) icarəyə keçib.
30 iyun 2023-cü il tarixinədək alqı-satqı imkanı ilə icarə. 2021-ci ildə MLS çempionu olub. Ötən mövsüm o, 30 oyun keçirib. Klubun ən yaxşı gənc oyunçusu seçilib. Həmçinin 2021 "MLS All-Star" komandasına daxil olub.
Emin Şəmsiyev