“Azərbaycanda futbolu pul üçün oynayırlar. Oyunçular futboldan həzz almırlar”. Fanat.az xəbər verir ki, bu fikirləri yığmadan istefa verən Berti Foqts son müsahibələrinin birində deyib.
Futbolçularımızın pula hərisliyini işarə edən almaniyalı baş məşqçi özü futbol meydanında fokus göstərə bilmədiyi kimi, futbolçularımızın da futboldan çox maddiyyata önəm verdiyini dilə gətirib.
Doğrudu, dünyanın elə bir klubu olmaz ki, orda pul önəm daşımasın. Maddiyyat digər sahələrlə yanaşı, yaşıl meydanda da əsas aparıcı “silahdır”. Yəni pulun varsa, istənilən ulduz futbolçunu transfer edə bilərsən…
B.Foqts isə eyham vuraraq israrla qeyd edir ki, azərbaycanlı futbolçuları futboldan çox pul maraqlandırır. Futbolçularımızın sosial şəbəkələrdə paylaşdığı fotolardan, onlara yaxın çevrələrin sızdırdığı məlumatlardan görünür ki, milli top qovanlarımız heç də pis yaşamırlar. Baxmayaraq ki, yüksək bir uğura imza atmayıblar, dövlət bayrağımızı ölkə xaricində qaldırmayıblar, amma bahalı maşınlar, dəbdəbəli villalar, fərqli yaşamları ilə seçilirlər. Belə ki, Azərbaycan futbolçuları sürdükləri bahalı avtomobilləri və bir neçə obyektləri ilə həmişə diqqət mərkəzində olublar. Futbolçuların bir çoxu deyir ki, futbolçu ömrünün qısalığından istifadə etmək lazımdır. Bu baxımdan onların əksəriyyəti yaşıl meydandan qazandığı pulu biznesə yönəldir.
“Karşıyaka”lı Mahir Şükürov 2 il öncə biznesə qoşulub. Belə ki, futbolçu Sumqayıt şəhərində toyuq ferması açıb. Şükürov toyuqları dayısının ona hədiyyə etdiyini deyərək bu məqslədə ferma açdığını bildirib. Tanınmış futbolçunun fermanı açmaqda məqsədi toyuq yetişdirmək və satmaqdan ibarətdir. Onun biznesini yaxın qohumları idarə edir.
Millidə və bir neçə tanınmış klubda karyerası keçən Samir Abbasov da hazırda bizneslə məşğuldu. Onun bir neçə obyektinin olduğu deyilir. Bir neçə il öncə futboldan uzaqlaşan “Qarabağ”ın kapitanı olmuş Aslan Kərimov bizneslə məşğul olanlardandı. Millinin keçmiş üzvünün stomatoloji klinikası və supermarketi var. Yığmanın sabiq müdafiəçisi Aftandil Hacıyev də biznes sahibidir. Futbolçu bunu müsahibələrinin birində özü bildirib: “Futboldan qazandıqlarımızı ora-bura xərcləməmişik. Şəxsi biznesim var. Bunun hesabına ailəmi dolandırıram”.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov və onun kimi keçmiş futbolçu olan qardaşı Musa Qurbanovun Zaqatalada şəirkli obyekti var. Ağdam klubunun yarımmüdafiəçisi Namiq Yusifov limonad istehsalı ilə məşğul olan müəssisə sahibidi.
Bir vaxtların əsas liqada çıxış edən “Muğan” klubunun hücumçusu Fərrux İsmayılovun ev alqı-satqısı ilə məşğul olan obyekti var. Futbolçu hazırda yaşıl meydanlardan kənardadır.
Millinin və “Neftçi”nin hücumçusu olmuş Samir Əliyev ət və oboy biznesi ilə məşğul olur. Dövrünün tanınmış hücumçularından olan Samir Əliyev 2 il öncə rəsmi olaraq futbola əlvida deyib.
“Neftçala”nı çalışdıran Kamal Quliyev Sumqayıt şəhərində “Barselona” adlı kafenin sahibidi. Hazırda millinin baş məşqçi vəzifəsini müvəqqəti icra edən Mahmud Qurbanovla “Neftçi”nin keçmiş qapıçısı Hüseyn Məhəmmədov şərikli “Çay evi” işlədirlər. Obyekt Bakının “Milyonerlər məhəlləsi” adlanan ərazidə yerləşir. “İnter”in yarımmüdafiəçisi Elvin Məmmədov müsahibələrinin birində futboldan sonra biznes quracağını deyib. Futbolçu gələcək üçün bunun vacib olduğunu diqqətə çatdırıb.
Bu siyahıda olanların bir çoxu artıq yaşıl meydanlardan uzaqdır. Amma hazırda futbolçu karyerasını başa vurmayan oyunçuların da bir çoxu bizneslə məşğul olur. Belə ki, onların bir çoxu futbolu qazanc yeri kimi görür və müəyyən müddətdən sonra uzaq olacaqlarını düşünərək ələ düşən pulları biznesə yatırırlar. Digər tərəfdən, futbolçuların əksəriyyəti ən bahalı avtomobillərə sahibdir. Bu maşınların qiyməti 100-250 min manat arasında dəyişir
azvision.az