Futbol əsl siyasi təbliğat vasitəsidi

Futbol əsl siyasi təbliğat vasitəsidi

“Siyasəti futbola qatmaq olmaz”, “futbol siyasətdən uzaq olmalıdı” və buna bənzər fikirləri “idmanın şahı”yla yaxından maraqlanmayanlar belə, tez-tez eşidir.  Əslində isə müasir futbol həm böyük biznes, həm əyləncə, həm də siyasi təbliğat fasitəsidi. Ortaya qoyulan fikir yeni deyil. Nəyin necə olduğunu baş verənləri normal şəkildə dəyərləndirməyi bacaran insan dərk etməyə bilməz.  Dərk etmirsə, ən azı sadəlöhvdü. FİFA və UEFA-nın yasaqları ilə razılaşmaq məcburiyyətində qalanlar da ürəyinin dərinliyində eyni düşünür. Dilə gətirmək, aləmə car çəkmək şərt deyil ki...

Söhbət yalnız italyanlardan getmir

Futboluyla öyünməyə haqqı çatan ölkələrin yığmalarından və klublarından “futbol əsl siyasi təbliğat vasitəsidi” düşüncəsini möhkəmləndirən xəbərlər  alırıq. Məsələn, qaradərili Mario Balotellinin ara-sıra irqçi təzyiqlərə məruz qalması, dərisinin rəngi fərqli olduğuna görə milliyə çağırılmasının qabardılması faktdı. İtalyanları 21-ci əsrdə qatı milliyətci adlandırmaq isə mübahisəlidi. Hərçənd “Latsio”lu Paolo Di Kanionun hər vurduğu qoldan sonra verdiyi faşıst salamı Apennin yarımadasında yaşayanların müəyyən qisminin şovinizmin əsarətindən qurtulmadığına əyani sübutdu. Əlbəttə, italyanlar Avropada alqışlanmayan mərəzin qalıqlarından qurtulmadığını hamıya göstərmək niyyəti güdmür. Amma milyonlarla insan məhz futbolda gördüyü jestlər, oyunçu və məşçilərdən eşitdiyi açıqlamalar hesabına cənubi avropalıların emosianal duyğularının vətənpərvərlik sərhədlərini aşdığını öyrənib. Başqa sözlə, italyanlar futbolu siyasi təbliğat vasitəsi saymasalar da, futbol onların ana çatışmazlıqlarını zaman-zaman ortaya qoyub və haqlarında real fikir formalaşdırıb. Söhbət yalnız italyanlardan getmir. Ruslar, serblər və başqa xalqlar haqda da oxşar misallar çəkmək olar.

“Qarabağ” varsa...

20 ildən artıqdı ki, torpaqlarının 20 faizindən çoxunu itirən ölkəmiz son günlərdə cəbhə xəttində artan gərginlik üzündən neçə şəhid verib. Erməni tapdağı altında qalan Azərbaycan ərazisinin adını daşıyan “Qarabağ”ın varlığı yüz savadlı siyasətçinin Qarabağ həqiqətlərini beynəlxalq miqyasda təbliğ etməsindən daha vacibdi. Bəli, Ağdam təmsilçisinin futbolçuları meydana çıxanda hərəsi əlinə bir mikrofon alıb “ermənistan işğalçı dövlətdi” deməli deyil. Lakin “köhlən atlar” sərgilədiyi futbolla, qitəmiqyaslı yarışlarda qazandığı uğurla dünyanın müxtəlif yerlərində yaşayan futbolsevərlərin diqqətini üzərinə çəkə bilirsə, Qurban Qurbanovun komandasının oyununa “əhsən” deyənlərin 30 faizi “Qarabağ” adının nə anlama gəldiyi ilə maraqlanırsa, erməni quldurlarının həqiqəti gizləmək,  tarixi gerçəklikləri ört-basdır etmək imkanları əməlli-başlı azalır. Avrokubok oyunlarında bölgə təmsilçisinin oyunlarına baxmağa gələn 30 mindən artıq seyirci birağızdan “Qarabağ bizimdi, bizim olacaq” hayqırırsa, “Rusenborq”, “Visla” , “Zalsburq”, “Brügge” kimi tanınmış klubların Azərbaycanda uduzduğunu görürsə, bu, müharibə şəraitində yaşayan xalqın döyüş ruhunu nizamlayır. Şübhəsiz, Rusiyanın və Azərbaycanın digər düşmənlərinin dəstəyi hesabına Qarabağda duruş gətirən Ermənistanın “acından ölən” klublarının durumu da bədnam qonşularımızın iqtisadi cəhətdən bizdən çox geri qaldığını düşünməyə bəs edir. Sirr deyil ki, bədnam qonşularımız sovetlər dönəmində top dığırlamağı pis bacarmayıb. Sadəcə, indiki iqtisadi çöküş və vassallıq fonunda Ermənistanın daxili çempionatını dirçəltmək müşkül işdi. “Dığalar”ın milli komandası pis təsir bağışlamadığı halda, klubları “qapazaltıdısa”, deməli, hər şey göz qabağındadı. Əlbəttə, Ağdam təmsilçisinin sabit çıxışı, UEFA-nın rəsmi saytının manşetə çıxardığı başlıqlar “dığalar”ı necə lazımdı, qıcıqlandırır. Ermənistan klublarının qitəmiqyaslı yarışlarda aldığı hər darmadağın ürəyimizdə xoş gizilti yaradırsa, ağdamlıların da hər uğuru işğalçı dövlətə mənəvi zərbə vurur.

O xəritə açılmasaydı...

“Neftçi” – “Çixura” oyununda qonaq azarkeşlərin Zaqatala və Qaxın Gürcüstan ərazisi olduğunu göstərən xəritə açması böyük qalmaqal yaratdı. Namərd hərəkətin arxasında bir xalqın digərinə ümumi münasibəti dayanmasa da, qonşu ölkənin qatı milliyətçilərinin iç üzü açıldı. Saxta xəritənin stadiona keçirilməsini biabırçılıq adlandıranlar haqlıdı. Amma bu olayın baş verməsinin müsbət tərəfləri də var. İndiyədək ciddi müzakirə mövzusu olmayan məsələ lazımi şəkildə qabardı. Hadisəyə nazirlər və dövlət başçıları səviyyəsində reaksiya verildi. Dost gürcü xalqının ürəyində bizlərə nifrət bəsləyən qismi arzularının alovunda yandı.  Niyyətini içində saxlaya bilməyənlərin təbliğat cəhdi çoxlarını “silkələdi”. Həmin qarşılaşmaya qədər şimal-qərb sərhədlərindən heç bir təhlükə gözləməyən xalq istər-istəməz “oyandı”. Təəssüf ki, unutqanlığın acısını zaman-zaman çəkmiş azərbaycanlıları adətən xoşagəlməz olaylar silkələyir. Avroliqanın 3-cü təsnifat mərhələsinin ilk oyununda özündən zəif “Çixura”nın müqavimətini qıra bilməyən “Neftçi”nin oyununda yaşananlardan qarşı tərəfə heç nə qazanmadı. Bakıya qonaq qismində təşrif buyuran şovinistlər Gürcüstan dövlətinin  dövlət başçısının reaksiyasından arzularının həyata keçməyəcəyinə əmindi.  Buna siyasi qələbə də demək olar.  İndi Gürcüstanın dövlət orqanları “Çixura”nın ev oyunu ərəfəsində, məntiqlə, xüsusi tapşırıq alacaq. Çətin kimsə Bakıdakı hərəkəti Tiflisdə təkrarlamağı ağlından keçirə.

NİHAT , Futbol+       

   

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər