Gencaile.az saytının "11 sual" rubrikasının budəfəki qonağı futbol üzrə Azərbaycan yığma komandasının sabiq üzvü Aqil Nəbiyev olub. Fanat.az müsahibəni təqdim edir:
- Valideynlərinizin futbolçu olmağınıza münasibəti necə idi?
- Normal yanaşma var idi. Atam futbolçu olmağımı istəyirdi. Amma qardaşım Nadir bunun əleyhinə idi.
- Maraqlıdı, özü futbolçu olan Nadir Nəbiyev sizin futbolçu olmanızı niyə istəmirdi?
- Sözün açığı, o, atama deyirdi ki, bundan futbolçu olmaz. Nadir təklif edirdi ki, başqa sahəyə yönəlim. Məsələn, deyirdi ki, oxusun başqa bir peşəyə yiyələnsin.

- Bəs futbolçu olduqdan sonra necə, Nadir Nəbiyev sizə dəstək oldumu?
- Qardaşım mənə təkcə futbol sahəsində yox, hərtərəfli dəstək olurdu. Elə indinin özündə də onun dəstəyini hiss edirəm.
- Bir qərar qəbul edəndə kiminləsə məsləhətləşirsiz, yoxsa təkbaşına qərar verirsiniz?
- Yox, təkbaşına qərar vermirəm. Bütün məqamlarda mütləq qardaşım Nadirlə məsləhətləşirəm.
- Yeri gəlmişkən, futbolçu olmasaydınız, hansı peşəni seçərdiniz?
- Düzü, bu haqda heç fikirləşməmişəm. Bəlkə də hüquqşunas olardım.

- Ailə həyatı qurmağa hazırlaşanda gələcək həyat yoldaşınız futbolçu ilə ailə qurmağa tərəddüd etmədi ki?
- Üzürlü hesab edin, mən bu suala cavab vermək istəmirəm.
- Sizcə, bir futbolçu üçün ailə həyatı qurmağın mənfi və müsbət cəhətləri hansılardı?
- Sözsüz ki, müsbət tərəfləri də var, amma ən əsas mənfi cəhətlərini qeyd edə bilərəm. Futbolçular ailəsinə o qədər də vaxt ayıra bilmir və ən əsası çox vaxt ailəsindən uzaqda olur ki, bu da problemdi.
- Bayaq dediniz ki, qardaşınız futbolçu olmağınızı istəmirdi. Maraqlıdı, siz necə, övladlarınızın futbolçu olmasını istərdinizmi?
- Hər şeyi zaman göstərəcək, ancaq düzü, məcburi şəkildə bu peşəyə yiyələnməsini istəmirəm.

- Futbol adamları adətən evdən kənarda olur. Ailənizdən uzaqda olmaq sizin üçün hansı problemləri yaradır?
- Düzdü, müəyyən problemlər olur, ancaq buna normal yanaşmaq lazımdı, çünki bu, bizim işimizdən irəli gələn məsələlərdi.
- İdman aləmində olanlar daim diqqət mərkəzində olan insanlardı. Maraqlıdı, həyat yoldaşınızdan bu səbəbdən qısqanclıq hiss edirsinizmi?
- Qısqanclıq baxımından problem yoxdu, çünki inam hissi var.
- Hansı futbolçularla ailəvi münasibətləriniz var?
- Dostlarım çoxdu, amma ailəvi şəkildə yalnız hazırda AZAL-da forma geyən Eltun Yaqublu ilə gediş-gəlişimiz var.
Fanat.az