PSJ-nin hücumçusu Neymarın "Yuventus"a keçə biləcəyi ilə bağlı şayiələr səngimir.
Fanat.Az xəbər verir ki, "Sport.es" Turin klubunun baş məşqçisi Massimiliano Alleqrinin bu transferdə israrlı olduğunu vurğulayıb.
Xəbərə görə, "qoca sinyora"nın nümayəndələri braziliyalı ulduzun əməkhaqqısının ən azı yarısının PSJ tərəfindən ödənilməsinə nail olmaq istəyir. Mənbə "Yuve" bosslarının Fransa nəhəngində ildə 50 milyon avroya yaxın maaş alan Neymarın həm meydanda, həm də biznes layihələrində kluba böyük fayda verəcəyinə əmin olduqlarını açıqlayıb. Keçidi əngəlləyə biləcək səbəb qismində isə "sambaçı"nın A Seriyasında çıxış etmək variantına isti yanaşmaması göstərilib.
Xatırladaq ki, Neymar Paris klubuna 2017-ci ildə, 222 milyon avro qarşılığında "Barselona"dan transfer edilib. Bu məbləğ dünya futbolu tarixində rekord olaraq qalır. Cənubi amerikalı hücumçunun PSJ ilə olan müqaviləsinin müddəti 2025-ci ilə qədərdir. Son mövsümdə Liqa 1-də 22 matça çıxan Braziliya millisinin forvardı 13 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat