Nikolay Adamın rəhbərlik etdiyi U-19-un son təlim-məşq toplanışında İrlandiyaya biabırçı hesabla məğlub olduğunu xəbər vermişdik. Xatırladaq ki, martda Fransada elit-mərhələnin qrup oyunlarına çıxacaq 19 yaşlılarımız ilk görüşdə İrlandiyaya 0:6, ikinci oyunda isə 0:2 hesabı ilə məğlub olub. Adamın yetirmələrinin ilk qarşılaşmada böyük hesabla uduzması, futbol ictimaiyyəti tərəfindən böyük narazılıqla qarşılandı. Şübhəsiz, yoldaşlıq matçlarında uduzmaq da olar, udmaq da. Məhz bu cür sınaq qarşılaşmalarında məşqçilər korpusu sərəncamında olan futbolçuların nəyə qadir olduğunu, kimlərin hansı mövqedə daya yaxşı təsir bağışladığını müəyyən edir. Ancaq 25 gündən sonra Fransada məsul oyunlara çıxacaq komandanın Avropanın ortabablarından birinin qarşısında aciz duruma düşməsi nə Adama, nə də yetirmələrinə baş ucalığı gətirir.
Lakin sən demə, U-19-un İrnaldiyaya böyük hesabla uduzmasının arxasında başqa səbəblər var imiş. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə irlandlarla qarşılaşmadan öncə millinin düşərgəsində xoşagəlməz olay yaşanıb. Belə ki, 19 yaşlılardan ibarət yığmanın aparıcı futbolçusu Budaq Nəsirov baş məşqçinin qərarı ilə düşərgədən qovulub. ”Sumqayıt”ın şərəfini qoruyan yarımmüdafiəçinin qovulmasına səbəb isə, onun axşam yeməyinə gecikməsi olub. Mənbəmizin söylədiklərinə inansaq, baş məşqçinin bu qərarı digər futbolçular tərəfindən narazılıqla qarşılanıb. Və onlar komanda yoldaşının tərəfini saxlayaraq Adamla mübahisə ediblər. Münaqişənin və komandaxili narazılığın nəticəsi isə İrlandiya ilə matçda əksini tapıb və yığma qapısında 6 cavabsız top görüb. Məsələyə aydınlıq gətirmək üçün Nəsirovla əlaqə saxladıq:
“Bu barədə danışmaq istəmirəm. Ümumiyyətlə, bu olayla bağlı fikir bildirmək AFFA tərəfindən qadağa qoyulub. Üz vurmayın, heç nə danışmayacam. Nəsə söyləsəm, komanda yoldaşlarımı da pis vəziyyətdə qoya bilərəm. Hansı səbəbdən düşərgədən uzaqlaşdırılmağım sizə məlumdu. Finlandiyadan İrlandiyaya gələndə yol yorğunçuluğu var idi. İstirahət etmək üçün yatmağa qərar verdim. Bu səbəbdən də axşam yeməyinə gecikdim. Baş məşqçi isə başqalarına dərs olsun deyə məni cəzalandırmağa qərar verdi. Başqa nə deyim?”.
Mənbəmiz onu da bildirdi ki, ümumiyyətlə, Adamın rəhbərlik etdiyi yığmada futbolçular arasında münasibətlər qaydasında deyil. Oyunçular arasında qruplaşmalar yaranıb. Bu qütbləşmənin yaranmasına da baş məşqçinin özü rəvac verib. Belə ki, 1997-ci il doğumlu futbolçular alman mütəxəssisin öz yetirmələri olduğundan, baş məşqçi 1996-cı il doğumlu futbolçuları gözümçıxdıya salıb. Alman fürsət tapan kimi, Budaq və onun yaşıdlarını heyətdən kənarda qoymağa can atır. Məsələ ilə bağlı U-19-da almanın köməkçisi olan Etibar İbrahimovla da əlaqə saxladıq: “ Bu məsələni bu qədər şişirtməyə dəyməz. Belə xırda hadislər hər bir komanda da yaşana bilər. Budaq Nəsirov millidən birdəfəlik uzaqlaşdırılmayıb ki. Sadəcə, nizam-intizam qaydalarını pozduğuna görə baş məşqçi bu dəfə onu cəzalandırıb. Yığmanın qapıları yenə onun üzünə açıqdı. Mən o fikirlə razı deyiləm ki, İrlandiyaya böyükhesablı məğlubiyyətin arxasında Budağın geri göndərilməsi durur. Bu yığma ilə ilk dəfə qarşılaşırdıq. Onların oyun tərzi bizə bir qədər yaddı. Bundan başqa, Finlandiya matç örtülü manejdə və süni örtükdə baş tutmuşdu. İrlandiya ilə qarşılaşmalar fərqli hava durumunda açıq meydançada və bizə tanış olmayan topla keçirildi. Hər bir ailədə söz-söhbət ola bilər. Bundan öncə də bizim komanda da belə olaylar yaşanıb. Yəni bu ilk deyildi ki, uşaqlar qeyri-adi qarşılasın. İnşallah, bu ay U-19 Fransada nəyə qadir olduğunu göstərəcək. Və böyük ehtimalla, Nəsirov elit-mərhələ oyunlarında yenə komanda ilə birgə olacaq”. Göründüyü kimi, Etibar bəy U-19-un düşərgəsində narazılığın yaşanmadığını bildirdi. Baş məşqçinin köməkçisi İrlandiyaya biabırçı məğlubiyyəti iqlim, təbii meydança və onlara tanış olmayan topla əlaqələndirdi. Təki Etibar bəyin söylədikləri düz olsun. Məsul sınaq öncəsi U-19-da heç bir problem yaşanmasın. Ancaq onu da qeyd edək ki, bizə məlumat ötürən mənbə də U-19-a uzaq şəxs deyil.
“Futbol+” qəzeti