FİFA referi köməkçisi Gülnurə Əkbərzadənin Fanat.Az-a müsahibəsi
- Əvvəlcə səni yaxından tanıyaq... - Əkbərzadə Gülnurə Xalid qızı. 1992-ci ildə Lənkəran şəhərində anadan olmuşam. Orda məktəbi bitirdikdən sonra təhsilimə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında davam etmişəm.
- Necə oldu ki, futbola marağın yarandı? - Yalnız futbol yox, demək olar ki, bir çox idman növlərini sevirəm. Orta məktəbdə oxuduğum illərdə voleybol, basketbol, üzgüçülük, şahmat, stolüstü tennis, atıcılıq, hətta hərbi yarışlarda iştirak edirdim. İdman müəllimim Məlahət xanım idmanı sevdiyimi görüb məni Xalid müəllimlə tanış etdi. Xalid müəllim məni bütün yarışlara aparırdı. Futbola da həvəsi Xalid müəllim yaratdı. Allah rəhmət eləsin, çox yaxşı insan idi. Atamın da adı Xalid olduğu üçün ona həmişə "ikinci atam" deyərdim.
- Bizim cəmiyyətdə, xüsusilə, rayonlarda qızın idmanla məşğul olmasına dırnaqarası yanaşırlar. İdmanla məşğul olmağına valideynlərinin münasibəti necə oldu? - Atam mənim 4 yaşım olanda şəhid olub. Anam və qardaşımla yaşayıram. Əvvəllər anam istəmirdi. Ancaq buna səbəb mental düşüncə deyildi. Mən anamın istəyi ilə fortepiano üzrə təhsil almışam. Çox yaxşı oxuyurdum, konsert verirdim. Anam musiqi təhsilimə davam etməyimi istədi, ancaq mən İdman Akademiyasında oxumağı seçdim. Çünki pianinoya həvəsim yox idi. Yekunda idmanı seçməyimə anam da razı oldu. "Həyat sənindir, nə istəyirsən onu da seç", - dedi və İdman Akademiyasında oxumağıma da çox dəstək oldu.

- Həmin dönəmlərdə Lənkəranda qadın futbolu vardımı? Bəs necə oldu ki, futbolçu olmağı yox, sırf hakimliyi seçdin? - O zaman qız futbolu yox idi. Oğlanlarla, ya da özüm divarla oynayırdım. Sonradan bir neçə qız da gəldi futbola. Lakin həmin dönəmlərdə mən artıq ali təhsil üçün Bakıya gəldim. Həmin illərdə qızlar arasında futbolçular çempionatı başladı. Bir mövsüm oynadım, lakin sonradan yaşıma görə icazə vermədilər. Ancaq bir müddət sonra yaş limiti aradan qalxsa da, artıq mən istəmədim. Çünki həm hakimlik edirdim, həm də akademiyada oxuduğum üçün vaxtım olmurdu. Hakimlik mənə daha maraqlı gəldiyinə görə elə hakimliyə davam etdim.
- Hakimlikdə istədiyin səviyyəyə çatdığını düşünürsən, yoxsa hələ yolun başındasan? - Düşünürəm ki, istədiyim səviyyədəyəm. Artıq 5 ildir FİFA referisi dərəcəsini almışam. 13 ildir hakimlik edirəm. Yolun başlanğıcını ardıq çoxdan keçmişəm. Amma hələ də öyrənirəm və öyrənməyə də davam edəcəyəm.
- Heç olub ki, bu sahəni seçdiyin üçün peşmançılıq keçirəsən? - Xeyr, heç vaxt peşman olmamışam. Çünki hakim olmaq asan iş deyil. Kənardan, ekrandan baxanda çox asan görünə bilər, amma heç də asan iş deyil. Sevmədiyim işlə məşğul olmaram.
- Bir xanım olaraq futbol özəl həyatında hər hansı bir yöndə sənə əngəl yaradıbmı? - Heç vaxt əngəl olmayıb. Anam da məni həmişə dəstəkləyib. Kənar sözləri isə dinləyən biri deyiləm. Əsas mənim istəyim, mənim seçimimdir. Əksinə, hakim olduğumu öyrənənlərə işim çox maraqlı gəlib. Xanımlara isə daha çox maraqlı olur.

- Hakimliyi seçməsəydin, hansı peşədə özünü sınayardın? - Hakimliyi seçməsəydim, yəqin ki, təknövçülüklə məşğul olardım. Güləş, karate, və ya üzgüçülük... Futbol oynamağa da davam edə bilərdim.
- Uzun illərdir bu sahədəsən. Futbol hələ də ilkgünkü kimi sənin üçün həyəcanvericidir, yoxsa artıq sadəcə işinə çevrilib? - Hakimlik mənim üçün həmişə maraqlı və həyəcanverici olub. Həm həyəcandır, həm də iş. İş kimi baxmasam, məsuliyyətsizlik olar.
- Qarşıdakı illərdə Premyer Liqa və ya Birinci Divizionda qadın hakimləri görə biləcəyik? - Hələ ki, inanmıram. Çünki xanım hakimlərimizin sayı çox azdır.
- Azarkeşlik etdiyin klub varmı? - Əvvəllər doğma Lənkəranımızın "Xəzər Lənkəran" klubuna azarkeşlik edirdim. Xalid müəllimlə həmişə oyunlara gedərdim. Anamla belə, oyunlara baxmağa gedərdik. "Xəzər Lənkəran" çempion olanda stadionda konsert oldu. Anamla birgə getmişdik. Həyatımın ən maraqlı, yaddaqalan günlərimdən biri oldu həmin gün.
Xarici komandalardan isə "Barselona"ya azarkeşlik edirdim. Rəfiqələrimlə evdə toplaşıb "Barsa"nın oyunlarına baxırdıq. Amma sonradan işlər çoxaldığı üçün mütəmadi olaraq matçları izləyə bilmədim.
- Ən bəyəndiyin futbolçu kimdir? - Lionel Messi. "Barselona"ya azarkeşlik etməyimin ilk səbəbi də elə Messi olub.
- Futbolçu və ya hakimlə ailə həyatı qurmaq istərdin, yoxsa münasibətin daha maraqlı alınması üçün tərəflərin fərqli sahədən olmasını daha məqsədəuyğun hesab edirsən? - Hakim və futbolçu ilə heç vaxt ailə həyatı qurmaq istəmərəm. Düzdür, deyiblər heç vaxt "heç vaxt" demə, amma qismət. Başqa sahə ilə məşğul olan insan daha yaxşı olar.
Röya Kərimli