Veteran futbolçumuz: “Şah mənə 120 milyon təklif etdi”

Veteran futbolçumuz: “Şah mənə 120 milyon təklif etdi”
"Qarabağ”ın sabiq futbolçusu və baş məqşçisi, "Neftçi”nin keçmiş oyunçusu Elbrus Abbasovun 70 illik yubileyidir. Bu münasibətlə qol.az veteran hücumçudan müsahibə alıb.
Elbrus müəllim müsahibəsində maraqlı bir məqama da toxunub. Sən demə, hələ sovet dönəmində İranda yoldaşlıq oyunları keçirməyə gedən "Neftçi”nin hücumçusuna bu ölkənin şahı Məhəmməd Rza Pəhləvi olduqca böyük məbləğdə müqavilə təklif edib.
Elbrus müəllimin dediklərindən:
"1974-cü ildən başlayaraq "Neftçi” 7-8 dəfə İranda olub. İranda bəzi komandalar var idi: "Persopolis”, "Traktor”, "Bəhmən” və bir də "Tac”. "Tac” birbaşa şahın özünün komandası idi. Bu komandada varlı, milyonçu futbolçular var idi. Onlar oyuna gələndə görürdük, hər biri xarici maşınlardan düşürdülər. Üzərlərində bəlkə də 2 kiloya yaxın qızıl qolbaq, üzük, saat olardı. O vaxt İranda qızıl çox ucuz idi.
Şahın komandasını Tehranda 120 minlik stadionda 2:1 məğlub etdik. Həmin dövr üçün "Tac” ən güclü komanda idi. Heyətində İran millisinin 1 üzvü var idi və adı da Həsən Ruşən idi. Axşam otelə gəldik. Şahın bir nəfər adamı bütün günü bizimlə gəzirdi, bütün xərcləri özü ödəyirdi, sanballı kişi idi, həmişə kostyum geyinərdi, adı Ağayi Hüseyn idi. Bu şəxs gecə saat 12-də bizim qaldığımız otelə gəldi. İçəri girib "salam, axşamınız xeyir, necəsiniz, nə var nə yox?” dedi, bir az zarafat etdi ki, "niyə belə tez yatmısınız, çıxın bir Tehranı gəzin”. Mənə dedi ki, Ağayi Abbasov, məni şah göndərib. O, sənə öz komandasında oynamaq üçün 125 milyon pul təklif edir. O vaxt vəziyyət elə idi ki, Sovet rejiminə görə İranda qalmaq olmazdı. Dedim ki, "Ağa, yox, mən qala bilmərəm, atam-anam, qohum-əqrəba hamısı Ağdamdadır”.
Futbolçunun dediyinə görə, o, təklifdən imtina edib. Ağayi Hüseynə bildirib ki, mənə Azərbaycanda, Ağdamda bir gün yaşamaq orda min il yaşamaqdan daha yaxşıdır. Onun bu sözündən sonra şahın adamı ondan inciyib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər