Ukrayna millisinin sabiq yarımmüdafiəçisi Anatoli Timoşuk ölkənin futbol tarixindən rəsmən silinib.
Fanat.Az xəbər verir ki, qərarı Ukrayna Futbol Assosiasiyasının (UAF) Etika və Ədalətli Oyunlar Komitəsi qəbul edib.
Sankt-Peterburqun "Zenit" klubunda məşqçi kimi çalışan mütəxəssisin əlindən UAF Lisenziyalaşdırma Mərkəzinin verdiyi Pro lisenziyası alınıb. Anatoli Ukrayna çempionatının, Ukrayna Kubokunun və Ukrayna Superkubokunun qalibi qismində qazandığı bütün titullardan da məhrum olub. Veteran oyunçunun adı milli komandanın oyunçularının rəsmi reyestrindən çıxarılıb. Timoşukun Ukrayna ərazisində futbol fəaliyyəti ilə məşğul olması ömürlük yasaqlanıb.
Bundan başqa, 43 yaşlı çalışdırıcının bütün dövlət mükafatlarından və fəxri adlarından məhrum edilməsi üçün dövlət orqanlarına müraciət olunacağı da bildirilib.
Qeyd edək ki, UAF daha əvvəl Anatoli Timoşukun Etika və Ədalətli Oyun Kodeksini pozduğunu açıqlayıb.