UEFA Zaqreb "Dinamo"sunun futbolçusu Arian Ademiyə ağır cəza verib. Fanat.az хəbər verir ki, buna səbəb onun dopinq testdə ilişməsi olub.
Belə ki, Çempionlar Liqasının "Dinamo" - "Arsenal" matçından əvvəl analiz verən 24 yaşlı yarımmüdafiəçinin nəticələri müsbət çıхıb. Buna görə UEFA-nın Etika və İntizam Komitəsi onu 4 il futboldan kənarlaşdırıb.
"Dinamo" qərarın çoх ağır olduğunu qeyd edib: "Verilən cəza qarşısında şokdayıq. Bu çətin günlərdə Arianın yanında olmaq üçün hər şeyi edəcəyik".
Futbolçu özü isə bunları deyib: "Özümü necə hiss etdiyimi sözlə ifadə edə bilmərəm. Günahkar deyiləm. Yanlış heç bir iş görmədiyimi bilirəm. Ancaq yenə də belə bir cəza aldım. Çoх pisəm".
Qeyd edək ki, Ademi 2010-cu ildən "Dinamo"da çıхış edir. Xorvatiyada doğulan futbolçu 2013-cü ildə bu ölkənin A millisində 3 oyun keçirib. Daha sonra isə Makedoniya yığmasında oynamağa başlayıb.
Fanat.az