Cari mövsümdə Almaniya Bundesliqasında debüt edən "Darmştadt"ın hücumçusu Marko Zayler hamıdan fərqlənir. Yox, debütantın hücumçusu vurduğu qollarla və ya meydanda sərgilədiyi möhtəşəm oyunla diqqət çəkmir.
Onu digərlərindən fərqləndirən xarici görünüşü, daha doğrusu uzun saqqalıdı. Futbolçunun özünün dediyinə görə, o, 2014-cü il noyabrın 1-dən üzünü təraş etmir. Zaylerin üzünü qırxmamasına səbəb isə inancdı. Yox, o, heç də saqqal saxlamağı tələb edən hansısa dini cərəyanın üzvü deyil. Sadəcə, 30 yaşlı futbolçu bu saqqalın ona düşərli olduğunu düşünür.
Özünün dediyinə görə, saqqalının uzunluğu 20 sm-di. Ancaq bu, onu heç də narahat etmir: "Bəzən saqqalım tikan kimi olur. Ancaq bu məni heç də narahat etmir. Əsas odu ki, sevgilim bundan şikayətlənmir".
Zaylerin belə uzun saqqala malik olması əziyyətsiz başa gəlmir. Belə ki, o, saqqalının "tikan kimi" olmaması üçün müxtəlif şampunlardan və saqqal üçün xüsusi yağlardan istifadə edir.
Onun xarici görünüşü gündən-günə daha çox insanın diqqətini cəlb edir. Belə ki, artıq Zaylerin "Instagram" hesabındakı izləyicilərin sayı 5 mini ötüb.(Publika.az)




Fanat.az