Avqust ayının 5-i Tovuzun "Turan" klubuna yeni baş məşqçi təyin olunub.
Fanat.Az xəbər verir ki, İlham Yadullayevin yerinə komandaya Rövşən Babayev gətirilib.
45 yaşlı mütəxəssis klubdakı yeniliklər və gələcək planları barədə saytımıza müsahibəsində danışıb.
- Rövşən müəllim, kluba gəldiyiniz gündən bəri hansı dəyişiklikləri etmisiniz? - İlk öncə mənə etimad göstərən rəhbərliyə öz təşəkkürümü bildirmək istəyirəm. Yaddan çıxarmayaq ki, Tovuz futbol diyarıdır. Bu şəhərdə futbol həmişə var və olacaq da. Dəyişikliyə gəlincə, komandada əsas heyətdən cəmi 30%-i qalmışdı, indi isə akademiyanın gənc futbolçuları ilə heyətimizi gücləndirmişik. Akademiyanın qısa müddət ərzində yaranmasına baxmayaraq Adil Şükürovun rəhbərliyi altında olduqca istedadlı gənclər yetişməkdədir. Əsasən onların xidmətindən yararlanmağı üstün tuturuq.
- Yeni təşkil etdiyiniz kollektivlə yoxlama oyunları keçirmisinizmi? - Yoxlama görüşümüz olub. Burdakı fəaliyyətimin 5-ci günündə Qəbələdə yerli komanda Qəbələ-2 ilə yoxlama oyunu keçirdik. Oyunda 0:1 hesabı ilə məğlub olsaq da, 5 gün ərzində akademiyadan cəlb olunmuş futbolçuların əsas komandada çıxışı bizi qane etdi. Bu yaxınlarda Gəncə komandası ilə görüşümüz planlaşdırılır. Daha sonra yəqin ki, Bakıda, ya da Zaqatalada yoxlama oyununa çıxacağıq. Bu barədə danışıqlar gedir.
- Əldə etdiyimiz məlumata görə Orxan Sadıqlı komandaya cəlb olunub. - Orxan Sadıqlı kluba müraciət edib, baxışdan keçmək və karyerasını bizimlə davam etdirmək niyyətində olduğunu bildirib. Hazırda 4 gündür ki, düşərgəmizdədir və komada ilə birlikdə məşq edir. Yekun qərarı keçiriləcək yoxlama oyununda sonra verəcəyik.
- Yeni mövsümdə komandanın qarşısında dayanan hədəf nədir? - Komandanın qarşısında olan bir nömrəli məqsəd Tovuz futbolunun ənənələrini yenidən daha yaxşı şəkildə bərpa etmək, akademiya ilə birlikdə vəhdət təşkil edib yeni gənc futbolçuları üzə çıxarmaq və Azərbaycan futboluna yeni nəfəs gətirməkdir.
Qeyd edək ki, "Turan Tovuz" ötən mövsüm I Divizionda 51 xalla bürünc mükafatının sahibi olub.
Emin Şəmsiyev