Braziliyalı "fenomen" Ronaldonun futbol imperiyası daha da böyüyüb . O, doğma "Kruzeyro" klubunun səhmlərinin 90%-ni alıb.
Müqavilənin dəyəri 70 milyon dollardan bir qədər çoxdur. Bu vəsaitin bir hissəsi klubun borclarının ödənilməsinə yönəldilib.
Fanat.Az "Eastnews" saytına istinadən xəbər verir ki, canlı əfsanə bu işdən məmnun olduğunu bildirib:
"Əməliyyatı başa vurduğumuz üçün çox şadam. Mən "Kruzeyro"nu öz layiqli yerinə qaytarmaq istəyirəm. Amma qarşıda bizi çox ağır iş gözləyir. Hələ qeyd edəcək bir şey yoxdur, amma biz klubu möhtəşəm etmək üçün komandaya ambisiya və fədakarlıq gətirmişik".

"Kruzeyro" cari mövsüm Sequndaya (ikinci diviziona) düşüb.
Qeyd edək ki, komandaya sahiblik etmək üçün Ronaldo bir çox tanınmış idman şirkətləri ilə eləcə də "Red Bull Gmbh", "FSG" və "Red Sox" ilə mübarizədən qalib ayrılıb.
Xatırladaq ki, braziliyalı futbol veteranı İspaniya La Liqasına qayıtmaq üçün mübarizə aparan "Real Valyadolid"in də sahibidir.
Emin