Türkiyədə həvəskar komandaların görüşündə yerdə qalan rəqibinin sifətinə təpiklə vuran və "bilərəkdən yaralama" cinayətindən mühakimə edilən Mehmet Değirmenciyə 10 ay həbs cəzası verilib.
Fanat.Az xəbər verir ki, 2015-ci ilin dekabrında "Nazıllı Sanayespor"la "Dallıcaspor"un qarşılaşmasının 12-ci dəqiqəsində qonaqların futbolçusu Kayhan Karakaş topla sağ cinahdan cərimə meydançasına girmək üzərəykən rəqibi Mehmet Değirmenci tərəfindən kobudluqla saxlanıb. Belədə hakim Mehmete qırmızı vərəqə gösərib. Komandasını azlıqda qoymağı qəbul etməyən futbolçu meydandan çıxarkən acı içində yerdə yatan rəqibi Karakaşın sifətinə təpik atıb. Zərbədən bir dişi qırılan və dodağı partlayan futbolçu oyuna davam etmək istəsə də bir müddət sonra başının gicəlləndiyini deyərək oyundan çıxıb. Dərhal ambulans çağrılıb və futbolçu xəstəxanaya aparılıb. Xəstəxanada onun dodağına 8 tikiş qoyulub. Sərt reaksiya görən günahkar futbolçunun isə komandası ilə əlaqəsi kəsilib, üstəlik məhkəməyə müraciət olunub.
Nəticədə Türkiyənin cinayət məcəlləsinin 86-cı maddəsinə əsasən futbolçuya 10 ay həbs cəzası verilib. Ancaq hələ ki, məhkəmə hökmü açıqlamayıb.
Olaydan sonra Həvəskarlar Futbolu İntizam Komitəsi futbolçunu 2 il müddətinə futboldan uzaqlaşdırmışdı. Üstəlik səs çoxluğu nəticəsində 2 illik diskvalifikasiyanın ardından daha 21 yarışda iştirakına qadağa qoyulmuşdu.
Fanat.Az