Polad Həşimovun xatirəsinə həsr olunmuş futbol turniri keçirildi - REPORTAJ

Polad Həşimovun xatirəsinə həsr olunmuş futbol turniri keçirildi - REPORTAJ

Avqustun 16-sı Bakı şəhəri general Mehmandarov küçəsində yerləşən "Birlik" futbol klubunun stadionunda Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun xatirəsinə həsr olunmuş futbol turniri keçirilib. 

Fanat.Az xəbər verir ki, turnirdə 10-12 yaş qrupu üzrə futbolçular iştrak edib. Yarış "Birlik" peşəkar futbol klubunun prezidenti Şakir Eyyubov tərəfindən təşkil olunmuşdu. 

Turnirin təşkilatçısı qeyd edib ki, yarışın keçirilməsində məqsəd uşaq futbolunun inkişafı və ən əsası 2-ci Qarabağ müharibəsi zamanı vətən uğrunda canından keçən şəhidlərimizin uaşaqlar arasında daha çox tanınmasıdır:

"Bizim kluba 200-300-ə yaxın uşaq gəlir. Qapının girişində isə gördüyünüz kimi "Şəhid və qazi övladlarına bütün xidmətlər pulsuzdur" yazısı var. Bu da öz bəhrəsini verir. Tədricən müraciətlərin sayı artır ki, bu da sevindirici haldır.

Düşündük ki, görəsən buradakı uşaqlar bizim şəhid generalımızın kim olduğunu tanıyırlarmı? Onun haqda məlumata sahibdirlərmi? Onlar arasında kiçik sorğu keçirəndən sonra nəticə məni bir o qədər qane etmədi və belə bir turniri təşkil etmək qərarına gəldim. Pandemiya dönəmidir, uşaqların məlumat almasında bəzi məhdudiyyətlər var. Öz növbəmizdə bunu futbol vasitəsi ilə etməyi planlaşdırdıq.

Klubumuz müxtəlif turnirlərdə iştrak edir. Futbolçularımızın inkişafı düzgün istiqamətda gedir. Məşqçilərimiz tərəfindən uşaqların sağlamlığına da nəzarət olunur.

10 komandanın iştrak etdiyi turnir artıq 1 həftədir davam edir və bu gün yarışın finalıdır. Kubok uğrunda "Birlik" və "Laçın" klubları qarşılaşacaq."

Final mərhələsinin açılışını yarış təşkilatçısı ilə birlikdə  şəhid generalımızın qardaşı İlham Həşimov da edib. 

Fürsətdən istifadə edib İlham bəylə də söhbətləşdik:

 

-İlam bəy bu gün şəhid general-mayor Polad Həşimovun xatirəsinə həsr olunmuş futbol turniri keçirilir. Ümumiyyətlə şəhidimiz futbolla maraqlanırdımı?

- Əvvəlcə bütün şəhidlərimizə Allahdan rəhmət diləmək istərdim. Bəli, futbolla maraqlanmaqdan başqa həm də həvəskar futbolçu olub. Ümumilikdə onun idmanda qazandığı uğurlalı çoxdur. Televiziyaya təqdim etmişdik. Diplomlar, təşəkkürnamələr, medal və kuboklar. İdmana olan həvəsi hərbçi olmazadan əvvəl yaranıb. Polad məktəbdə fənn olimpiyadalarından əlavə idman yarışlarında da fəal iştrak edirdi. Uşaq vaxtı məndən fərqli olaraq həyətdə futbol oynamaq üçün daha çox vaxt keçirərdi. Düzdür o zaman indi kimi şərait yox idi amma harada yer tapsalar orada top qovardılar. Hərbçilik sənətini seçəndən sonra da futboldan ayrılmayıb. Bildiyiniz kimi bir çox hərbi hissələrdə böyük futbol meydançaları olub və indidə var.  Olduğu bütün hərbi hissələrdə onun idman uğuru var. Futbolda qazandığı uğura isə daha çox rast gəlmək olar. Hacı Zeynalabdin Tağiyev qəsəbəsində xidmət edərkən hərbçilərlə mülki vətəndaşlar arasında yarışlar keçirirdi. Bunu Şəmkirdə olarkən də edib. Keçirdiyi yarışlara digər şəhər və rayonlardan komandalar cəlb edirdi. Peşəkar futbolçu olmasa da futbola mümkün qədər diqqət yetirirdi və öz tövhəsini vermək istəyirdi. 

-Bu gün turnirin finalıdır. Ümumiyyətlə təşkilatçılıq barədə nə deyə bilərsiniz?

-Düzünü desəm başımız çox qarışıq olur. Turnir boyu iştrak edə bilməmişəm amma bu gün finaldır açılış və təqdimetmə mərasimində iştrak etməyi özümə borc bildim. Klub prezidenti Şakir Eyyubov mənə iştrak etməklə bağlı müraciət edəndə canla-başla iştrak edəcəyimi bildirdim. Mən bu növ yarışlarda, tədbirlərdə iştrak etməyə hər zaman hazıram. Əgər şəhidlərimizə belə diqqət, qayğı, sevgi varsa, mənim də borcum əlimdən gələni etməkdir. Ən böyük əziyyəti şəhidlərimiz çəkib.  Ən gözəl iş səmimiyyətdən doğan, ürəkdən gələn işdir. Şakir müəllim bu tədbiri xüsusi bir sevgi ilə təşkil edib. Gördüyünüz kimi çoxlu uşaq var, valideynlər var. Bunun digər gözəl tərəfi də odur ki, uşaqlar bu yaşdan digər neqativ tərəflərə deyil, idmana maraq göstərir. Təşkilatçılığa görə bütün əziyyəti keçən insanlara minnətdarlığımı bildirirəm.

Xatırladaq ki, turnirin finalı 7:6 hesabı ilə "Birlik" klubunun xeyrinə nəticələndi. 

Gənc futbolçular, məşqçilər və hakimlər medallarla təltif olundu. 

Medalları klub prezidenti və şəhid generalımızın qardaşı İlham Həşimov təqdim etdi.

Emin Şəmsiyev

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər