Millimizin futbolçusu İspaniyada zədələndi

Millimizin futbolçusu İspaniyada zədələndi

Milli komandamızın və İspaniyanın "Kordova" klubunun futbolçusu Eddi İsrafilov Sequndanın XXVI turu çərçivəsində səfərdə "Ponferradina" ilə keçirdiyi matçda zədə alıb.

Fanat.az xəbər verir ki, anası azərbaycanlı, atası afrikalı olan yarımmüdafiəçi yeni klubunda ilk dəfə start heyətində meydana çıxıb və 75-ci dəqiqədə yerini Rafa Qalvesə verməli olub.

Komandasının 3:1 hesabı ilə qalib gəldiyi oyundan sonra Eddi fikirlərini bildirib: "Təbii ki, çox vacib və super qələbə qazandıq.  "Eybar"da oynayanda bu meydanda İspaniya kubokunda "Ponferradina"ya 0:3 hesabı ilə uduzmuşduq (düzdür, sonradan cavab matçında "Eybar" 4:0 qalib gəlib növbəti mərhələyə vəsiqə qazanmışdı - red.). Ona görə də bu qələbə mənə şirin gəldi. İndi növbəti oyun haqda düşünməliyik. Bura komandaya kömək etmək üçün keçmişəm. Baş məşqçi start heyətində çıxış etməyimə qərar vermişdi. Ancaq zədə aldım və əvəzlənməyimi xahiş etdim. Həkimlərə ağrı hiss etdiyimi dedim. Onlar deyir ki, zərbə almışam, ayağım yüklənib və məsləhət görüldü ki, gəzməyim. Ancaq ümid edirəm ki, növbəti şənbə günü mən meydana çıxmağa hazır olacağam".

Qeyd edək ki, bu matçın 8-ci dəqiqəsində rəqib oyunçunun sarı vərəqə almasının "səbəbkar"ı olan Eddi İsrafilov 52-ci dəqiqədə özü də vərəqə ilə cəzalanıb. Maraqlıdır ki, o, İspaniyada keçirdiyi son 5 rəsmi oyunun hamısında intizamsız olub. İlk 2 sarı vərəqə İspaniya Kubokunda - "Eybar"ın "Las Palmas"la oyunlarında qeydə alınıb.

Onu da bildirək ki, bu qələbə sayəsində "Kordova" 43 xalla IV pillədə qərarlaşıb və İspaniya La Liqasına birbaşa vəsiqə verən II sıradan 3 xal az toplayıb.

Fanat.az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər