Türkiyənin "Altınordu" klubunun aşağı yaş qrupunda çıxış edən Muhammet Can Tuncer Azərbaycanın U-17 millisinə dəvət alıb. Fanar.az xəbər verir ki, gənc qapıçı millimizin Rusiyadakı təlim-məşq toplanışına qatılıb.
Millimizə dəvət olunan Tuncer açıqlama verərək məsələyə belə münasibət bildirib: "Bu, gələcəkdə Türkiyə millisini seçməyimə əngəl yaratmayacaq. Azərbaycan bizə qardaş ölkədi. Futbolla bağlı ölkələr arasında əməkdaşlıq var".
Klubun aşağı yaş qruplar üzrə rəhbəri Savaş Sərdar isə bu dəvətin Muhammet üçün təcrübə olacağını bildirib: "Azərbaycanlılar qapıçının çıxışını bəyəniblər. Bundan sonra isə federasiyalar arasında yazışmalar oldu və qaydalara uyğun olaraq digər məsələləri həll etdik. Onun beynəlxalq təcrübə qazanmasını istədik".
Göründüyü kimi, hər iki açıqlamadan Azərbaycan millisindən təcrübə kimi istifadə edildiyi məlum olur. Futbolçu özü isə gələcəkdə Türkiyə millisini seçəcəyini aydın şəkildə bildirir. Belə olan halda onu toplanışa cəlb edib, əlavə pul xərcləməyin nə mənası var? Olmazdı ki, könlü Azərbaycanla döyünən yerli gənclərdən biri yığmaya cəlb edilərdi? Olardı, olardı... Sadəcə....
Qeyd edək ki, 17 yaşadək futbolçulardan ibarət millimiz iyunun 10-dan 25-dək Rusiyanın Rostov şəhərində təlim-məşq toplanışı keçəcək.
Fanat.az