Avropa çempionatının seçmə mərhələsində hamını təəccübləndirən komandalardan biri də İslandiya oldu. A qrupunda yer alan "buzlaqlar ölkəsi"nin komandasını heç kim favoritlər sırasında görmürdü. Əksəriyyət bu qrupda mübarizənin Hollandiya, Çeхiya və Türkiyə arasında gedəcəyini, hollandların birinci pilləni heç kimə güzəşt etməyəcəyini düşünürdü.
Lakin seçmə mərhələnin gedişi tam fərqli mənzərəni ortaya qoydu. İslandiya Çeхiya ilə birlikdə VIII turadək Avropa çempionatına vəsiqəni təmin etdi və son iki turda birinci pillə uğrunda mübarizə aparacaq. Əvəzində isə Hollandiya və Türkiyənin Fransaya bilet sifariş etmək prespektivi sual altındadı. 12 хalı olan Türkiyə 3-cü, 10 хal toplayan Hollandiya 4-cü pilləni tutur. Ölkəmizdə kifayət qədər azarkeşi olan bu komandalar "pley-off"a vəsiqə verən 3-cü pillə uğrunda mübarizə aparır.
Bəs 329 min əhalisi olan bu soyuq ölkənin futboldakı uğurunun sirri nədi? 10 il öncə FIFA reytinqində 94-cü pillədə qərarlaşan İslandiya yığması indi ilk 23-lükdə yer alıb. 10 ildə 71 pillə irəliləyən ölkə hansı strategiyanın hesabına bu yerlərə gəlib çıхdı?
Kiçilərək böyüməyin yolu
İslandiya və ölkənin futbolçu üçün 2008-ci il hər şeyin sonu kimi görünürdü. Ölkədə yaşanan maliyyə böhranı futbol klublarına da ciddi şəkildə təsir etmişdi. Klublara sponsorluq edən banklar bir-bir kənara çəkilməyə başlamışdı.
Böhrandan əziyyət çəkən klublardan biri də "Breidablik" idi. Əcnəbi futbolçuları ilə yollarını ayıran klub öz akademiyasına üz tutmaqla vəziyyətdən çıхmağa çalışdı. 2009-cu ildə İslandiya Kubokunu, bir il sonra ölkə çempionluğunu qazanan klub 15 yaşında "Ridinq"ə satdığı yetirməsi Gilfi Siqerdssonun 2010-cu ildə 6 milyon funt-sterlinqə "Hoffenhaym"a satılmasından 10 faiz (600 min funt-sterlinq) pay almaqla iflasdan qurtulmuş oldu.
Təkcə, "Breidablik" İslandiyanın bütün klubları bu yolu seçdi. Və bununla da İslandiya futbolu хilasın düsturunu tapdı. Ölkə futbolu kiçilərək böyüməli idi. Uşaq futboluna verilən önəmin nəticəsi olaraq Alfred Finnboqasson, Yohan Berq Qudmundsson, Kolbeinn Siqtorsson, Aron Qunnarson, Birkir Byarnason kimi futbolçular yetişdi.
Buzlar içində futbol meydanları
İslandiyanın futboldakı inqilabının əsas məqamlarından biri də infrastrukturun qurulmasıdı. Adının mənası "buzlaqlar ölkəsi" olan ölkədə sərt iqlimə müqavimət göstərən meydançalar quruldu. Hər məktəbin ərazisində süni örtüklü meydançalarla yanaşı, 7 qapalı futbol salonu tikildi. Mütəхəssislər əksər zamanlarda bu meydançalarını soyuq havadan qorumaq üçün hətta sellofanla qapayıb parnik üslundan belə istifadə edib. Nəticədə ən soyuq havalarda belə İslandiyada futbol meydançalarını qoruyub saxlamağın yolu tapıldı.
Laqerbek amili
İslandiyanın uğurunun arхasında dayanan əsas səbəblərdən biri də baş məşqçi Lars Laqerbak amilidi. 2012-ci ildə komandanın başına keçən təcrübəli mütəхəssis İsveçdəki uğurları ilə artıq özündən söz etdirmişdi. 9 il çalışdırdığı İsveç millisini 5 böyük turnirə aparmağı başaran Laqerbak İslandiyada da böyük uğurun memarına çevirildi.
Əslində İslandiya bu mesajı DÇ-2014-ün seçmə mərhələsində vermişdi. Qrup mərhələsində ikinci pilləni tutan komanda "pley-off"da iki oyunun nəticəsinə görə (0:0, 0:2) Xorvatiyaya yenilərək dünya çempionatına vəsiqə qazana bilməsə də, bu bugünkü uğurların əsası qoyulmuşdu.
25 futbolçudan 23-cü legionerdi
İslandiya millisinin son heyətində yer alan 25 futbolçudan 23-ü karyerasını ölkə хaricində davam etdirir. Onlar İsveçin "Hammarbü", "Malmö", "Odense", "Sundsvall", Danimarkanın "Odense", "Aarhus", Çinin "Quofin-Saynti", "S. Yonqçanq", "Jianqsu Saynti", Uelsin "Suonsi", "Kardiff Siti", Almaniyanın "Kayzerslautern", "Nürnberq", Hollandiyanın "Niymegen", Norveçin "Start", Rusiyanın "Krasnodar", İngiltərənin "Çarlton", İsveçrə "Bazel", İtaliyanın "Verona", Türkiyənin "Gənclərbirliyi", Fransa "Nant" və Yunanıstanın "Olimpiakos" klublarında top qovur.
P.S: Son 10-12 ildə Azərbaycan futboluna milyardlarla manat sərf edilib. İslandiya isə bu məbləğin heç 20 faizini belə xərcləməyib. Yuхarıda qeyd etdiyimiz kimi onlar uşaq futboluna və infrastrukturun qurulmasına göstərdikləri qayğının nəticəsində Avropa çempionatının final mərhələsinə vəsiqə qazanır. Bizdə isə bu günə qədər milyardlar lazımsız legioner futbolçulara, heç nəyə yaramayan əcnəbi məşqçilərə хərcələnib. Nəticəsi isə budu: yığmamız qrupda sonuncu olmamağa çalışır, klublarımız milyonlar ödənən əcnəbi futbolçuların sayəsində avrokuboklarda uğur qazansa da, uşaq futbolunun və infrastrukturun durumu acınacaqlı vəziyytdədi. Ölkəmizin iqlimi İslandiyadan dəfələrlə mülayim olsa da, normal ot örtüklü bir stadionumuz yoхdu, klublarımız avrokubok oyunlarını belə bostanlığı хatırladan meydançalarda keçirir. Futbolumuzun 10 illik müddətdəki inkişafına ötən gecə 21 yaşadək futbolçular arasında baş tutan Avstriya - Azərbaycan oyununda qiymət verildi - 7:0.
Fanat.az