"Beşiktaş"ın və Türkiyə yığmasının sabiq üzvü İbrahim Toraman həyat yoldaşını döyüb. Fanat.az xəbər verir ki, bu barədə veteran futbolçunun xanımı Eylem Yıldız açıqlama verib.
Vəkil olan Eylem Yıldız həyat yoldaşı tərəfindən döyüldüyü üçün məhkəməyə müraciət edib və boşanmaq istədiyini bildirib. Atasının evinə dönən vəkil xanım həm də ailə məhkəməsinə müraciət edərək qoruma tələb edib. Məhkəmə İbrahim Toramana 6 ay ərzində həyat yoldaşına və 1,5 yaşlı oğluna yaxınlaşmağı qadağan edib.

Eylem Yıldızın vəkili Nazım Zengin Türkiyə mətbuatına açıqlamasında bunları deyib: "Eylem Yıldızın ağır şəkildə şiddətə məruz qaldığı doğrudu. Müştərim həyatı təhlükəsi olduğu üçün bir ay əvvəl atasının evinə dönüb. Eylem Yıldız anlaşmalı şəkildə boşanmaq və Almaniyaya köçmək istəyir".
Vəkil bildirib ki, İbrahim Toraman həyat yoldaşını uşaq qucağında olduğu vaxt belə döyüb. Nəticədə Eylem Yıldız huşunu itirib və ambulansla xəstəxanaya aparılıb.

İbrahim Toraman isə iddiaları təkzib edib: "Sosial mediada yazılanlar vecimə deyil. Mən peşəkar insanam. Haqqımda bir çox iddialar var. Bunlar məni məyus edir. Həyatımdakı ən önəmli adam anamdı. Analar müqəddəsdi, dünyaya uşaq gətirirlər. Bu səbəbdən bütün qadınlar xüsusidi. Haqqımda deyilənlər yalandı. Qəzetlərdə yalan yazırdlar. Guya həyat yoldaşımı uşaq qucağında olanda döymüşəm. Bir ana uşağı qucağında olduğu halda döyülərmi? Belə bir insan ata ola bilərmi? Mən ədalətə güvənirəm. Gerçəklər tezliklə ortaya çıxacaq. Belə bir şeyi mətbuata çıxarmaqla məqsədlərini ortaya qoydular. Oğlum üçün çox darıxmışam. 40 gündü onu görə bilmirəm".

Qeyd edək ki, İbrahim Toramanla Eylem Yıldız 2014-cü ilin avqust ayında evlənib. Cütlüyün ötən il Ali Erdem adlı oğlu dünyaya gəlib.

Fanat.az