"Mahir tənqidlərdən sınacaqsa, futbolçu kimi bitəcək" - Mütəxəssislər şərh edir

"Mahir tənqidlərdən sınacaqsa, futbolçu kimi bitəcək" - Mütəxəssislər şərh edir

Millimizin futbolçusu Mahir Emrelinin Zaqreb "Dinamo"suna keçidi rəsmiləşib.

Futbol ictimaiyyətinin tanınmış simaları Fanat.Az-a 24 yaşlı hücumçunun Xorvatiya klubuna keçidini dəyərləndiriblər: 

Səbuhi Səfiyarlı (Menecer): "Hadisələrin əvvəlindən məlumatım var deyə, bilirəm ki, Mahir birbaşa "Dinamo Zaqreb"in baş məşqçisinin təkidi ilə bu kluba keçib. Mahirin oyununu çox bəyənir. Ona görə də hesab edirəm, bir müddət məşq etməməsinə, hazırlıq keçməməsinə baxmayaraq, o, Emrelinin arxasında duracaq, lazımi qədər şans verəcək. Bu, Mahir üçün çox böyük üstünlükdür. 

"Dinamo Zaqreb" də "Legiya" kimi öz ölkəsinin ən böyük klubudur, azarkeş ordusu var. "Dinamo Zaqreb" də paytaxt təmsilçisidir, uzun müddətdir müntəzəm ölkəsinin çempionu olur, avrokuboklarda uğurlu çıxış edir.İki klub arasında bu kimi paralellər aparmaqla deyə bilərik ki, Mahir üçün təzyiq altında oynamaq yenilik olmayacaq. Amma "Legiya"dan fərqli olaraq, "Dinamo" özünün yaxşı dövrünü yaşayır. "Legiya"nın tarixi uğurları olsa da, hazırda eniş yaşayır, ciddi problemləri var. Hazırda autsayderlər mövqeyində qərarlaşıb. Özünə gəlmək üçün ona xeyli vaxt lazım olacaq. Bu baxımdan, Emrelinin bəxti gətirib. Yəni hazır, işləri yolunda keçən komandaya gəlib. "Oynayan komanda"da oynamaq hücumçu üçün daha rahatdır. 

Şəxsi fikrim belədir ki, Polşa çempionatı Xorvatiya çempionatından daha güclüdür. Bu baxımdan, Mahirin yeni klubunda özünü göstərmək üçün bəlkə də daha çox şansı olacaq. Xorvatiya klublarının Polşadakı qədər maddi gücü, bahalı transferlər etmək imkanı olmadığı üçün yerli, gənc oyunçulara çox üstünlük verirlər. Bu ölkədə orta səviyyəli klublar daha çoxdu deyə, orda oynamaq rahat olmalıdır. Polşada isə əksər komandalar liderlərə problem yarada bilirdi. Məncə, Mahir uğurlu seçim edib. Ona uyğunlaşmaq, rahat oynamaq çətin olmamalıdır".  

Natiq Muxtarlı (Jurnalist): "Avropaya çıxış baxımından Xorvatiya "Dinamo"su Polşanın "Legiya"sından daha perspektivli komandadır. Təsadüfi deyil ki, Avropada oynayan xorvat futbolçuların əksəriyyəti ya "Dinamo" məktəbindən çıxıb və ya bu klubun vasitəsilə Avropaya çıxıblar. Zaqreb klubu daim avropalı skautların diqqət mərkəzindədir. Yəni Mahirin "Dinamo"ya keçidi böyük üstünlükdür. 

Amma nəzərə almaq lazımdır, Xorvatiyada Mahir kimi, Mahir səviyyədə oyunçular həddindən artıq çoxdur. Oradan o futbolçu xaricə gedə biləcək ki, inkişaf edəcək, artıracaq və skautların diqqətini cəlb edəcək. Mahirin "Dinamo Zaqreb"də futbola yanaşması "Legiya"dakı kimi olacaqsa, o, heç nəyə nail ola bilməyəcək. Digər tərəfdən, Zaqrebdə təzyiq Varşavadakından daha artıq olacaq. Niyə? "Dinamo"nun azarkeşləri Mahirin "Legiya" tərəfdarı ilə yaşadığı problemdən məlumatlıdırlar. Onlar çox həssas fanatlardır. Mahir ilk oyunlarda qol vura bilməsə, fanatların ona qarşı münasibəti dəyişəcək, tənqidlər başlayacaq. O, bu tənqidlərdən sınacaqsa, zəif iradə göstərəcəksə, futbolçu kimi bitəcək. Yenə də öz bildiyini edəcəksə, yenə də heç nəyə nail olmamış özünü yuxarıdan aparacaqsa, onun üçün yaxşı perspektiv görmürəm. Yaxşı olardı ki, ilk oyunlardan özünü göstərsin. Çünki "Dinamo Zaqreb" azarkeşləri məlum olaya görə Emrelini ilk vaxtlar isti qarşılamayacaqlar. 

Bütün hallarda, hər şey Mahirin özündən asılıdır, öz əlindədir. "Legiya"da başına gələnlərdən dərs çıxarıbsa, özünə peşəkar karyera qura biləcək. Belədə "Dinamo Zaqreb"dən Avropanın daha güclü klublarına yolu açılacaq. Azərbaycan idman mətbuatı, ölkənin futbol ictimaiyyəti Mahirdən heç nə istəmir. Bu xalqın tək istəyi onun Avropanın adlı-sanlı klubunda yaxşı çıxış edib bizləri sevindirməsidir. Bəyəm pis şey istəyirik, pis şey arzulayırıq? Bunu istəyimiz onun xoşuna gəlmirsə, gələcəkdə istəmərik. Yenə deyirəm, hər şey Mahirin özündən asılıdır".

Vaqif Heydərli (Menecer): "İlk növbədə problemini həll etdiyinə görə Mahiri təbrik etmək istəyirəm. Sevindirici haldır ki, nəhayət, biz onu yenidən yaşıl meydanda görə biləcəyik. 

Əlbəttə, "Dinamo Zaqreb" Avropada adından söz etdirmiş klubudur. Düzdür, klubun əsas strategiyası yerli gəncləri yetişdirmək, həm çempionatda, həm də avrokuboklarda onlara şans verməklə tanıtdıraraq Avropa nəhənglərinə satmaqdır. Bu istiqamətdə çox uğurla iş aparırlar. Avropanın aparıcı klublarına satdıqları futbolçuların sayı-hesabı yoxdur. "Dinamo" eyni zamanda gənclərlə təcrübəli legionerlərin vəhdətini yaradıb avrokuboklarda uğurlu nəticə qazanmaq istəyir. Çünki qitə turnirləri çox böyük səhnədir. Maksimum nəticə qazanaraq irəli getmək istəyirlər ki, satmaq istədikləri gənclərin qiyməti artsın.

Əvvəlki illərdə "Dinamo"nun Xorvatiya çempionatında açıq-aşkar hegamonluğu diqqət çəkirdi. Amma son dövrlər "Osiyek", "Riyeka", "Hayduk" klubları maddi cəhətdən və təbii olaraq, heyət baxımından gücləniblər. Buna görə də çempionatlarında kifayət qədər rəqabət var. Bununla belə, "Dinamo" həmişə olduğu kimi, maliyyə dayaqlarına görə, ümumiyyətlə klub olaraq, digərlərindən bir addım öndədir. Mahir "Legiya"da olduğu kimi, "Dinamo Zaqreb"də də oynamaq potensialına malikdir. Amma istənilən klubda oynamaq üçün həmişə hazır olmaq, mübarizə aparmaq lazımdır. Yeni komandasında Komnen Andriç, Bruno Petkoviç kimi usta hücumçular var. Amma Mahir də bacarığına görə onlardan geri qalmır. Düzdür, onlar fərqli tipdə olan hücumçulardır. Hər ikisi ikinci mərtəbədə, hava toplarında effektli oynayır. Mahir topla oynamağı xoşlayan texnikalı hücumçudur. İnanıram ki, o, bu keyfiyyətlərindən istifadə edib "Dinamo Zaqreb"in əsas heyət üzvünə çevriləcək və problemlərdən, söz-söhbətdən uzaq qalaraq uğurlu karyera quracaq".   

Emin Abbasov (Jurnalist): "Bu transferə ümumi prizmadan baxsaq, "Legiya"dan Zaqreb "Dinamo"suna keçid irəliləyiş kimi qəbul olunmalıdır. Digər tərəfdən onu da etiraf eləməliyik ki, bu, həm də qalmaqallı transfer oldu ki, Mahirin məhz bu tərzdə irəliləyişi tam yaxşı deyil. Ümid edək ki, gələcəkdə çıxış etdiyi klublarda bir daha qalmaqallarla üzləşməz. Çünki hər futbolçunun yaşadığı xoşagəlməz hadisələr onun barəsində mənfi fikirlər formalaşdırır. 

"Dinamo"dakı perspektivlərinə gəlincə, Mahir Emreli çox bacarıqlı futbolçudur. Onun ustalıq imkanları nəinki "Dinamo", hətta daha böyük klublarda çıxış etməsinə yol verir. Lakin Mahirin mental hazırlığı çox aşağıdır. Yəni, təbiətən döyüşkən, məqsədyönlü birinə bənzəmir. Hər halda, kənardan məhz belə görünür. Bir futbolçunun böyüməsi yalnız meydançada baş vermir. Bu işdə psixologiya çox vacibdir. Hər bir futbolçunun oyununda tərəqqi ilə yanaşı, tənəzzül də qaçılmaz olur. Mental hazırlıqlı oyunçu yüksəlişdə tonusda qalmağı, enişdə isə yenidən əvvəlki formaya qayıtmağı bacarır. Məncə, Mahir ilk növbəti bu yöndə özünü inkişaf etdirməlidir. 

Təbii ki, Zaqreb klubunda rəqabət "Legiya"dakından daha böyükdür. Bir daha vurğulayıram ki, Mahirin "Dinamo"da uğurlu çıxış etməsi üçün bacarığı kifayət qədərdir. Burada əsas məsələ həm də odur ki, hər il "Dinamo"dan Avropanın aparıcı klublarına oyunçular transfer olunur. Bu, Mahir Emreli üçün "böyük beşlik" ölkələrinə yollanmaq üçün yaxşı şansdır".

Qeyd edək ki, “Legiya” (Varşava) ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verən Emreli Zaqreb təmsilçisi ilə 4,5 illik sözləşməyə imza atıb. 

Mirağa Mirzəyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər