Qazaxıstan millisinin və "Kayrat"ın futbolçusu İslambek Kuat yerli federasiya tərəfindən iki oyunluq cəzalandırılıb.
Fanat.az xəbər verir ki, bir neçə gün bundan əvvəl Kuatın "Ordabası" ilə oyundan sonra Almatı polisiylə münaqişə yaşadığını xəbər vermişdi. Artıq bu insidentə görə futbolçunun aldığı cəza bəlli olub. Məsələ o qədər böyüyüb ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev belə müdaxilə etməli olub.
Almatı şəhər polis idarəsinin rəhbərliyi QFF-yə müraciətində Kuatın davranışlarının asayiş keçikçilərinin səlahiyyətlərinə və nüfuzuna zərbə kimi qiymətləndirib, onun cəzalandırılmasını istəyib.
Ölkə başçısı Nursultan Nazarbayevin məsələyə münasibəti daha sərt olub. Sitat: "Polis öz qanuni tələblərini irəli sürüb, üzərinə düşəni edib. Kimliyindən asılı olmayaraq, asayiş keşikçilərinə itaətsizlik göstərmək olmaz. Futbolçunun davranışları provakasiyadı, azarkeşləri qızışdırmağa yönəlib. Yaxşı ki, polislər soyuqqanlı davranıb, münaqişəni böyütməyiblər. Günahkarlar cəzalanmalıdı ki, digərləri də dərs alsın".
Qazaxıstan Futbol Federasiyası yazılı açıqlamayla olanlardan təəssüfləndiyini bildirib. "Kayrat" və Kuatın özünə ümumilikdə 800 min təngə, təxminən 4000 manat cərimə kəsilib. Bundan başqa futbolçu qarşıdakı iki turu da kənardan izləməli olacaq.
Maraqlıdı ki, "Kayrat"ın futbolçusuna verilən cəza əsas rəqib "Astana"nın etirazına səbəb olub. "Astana" rəhbərliyi federasiya yazılı müraciət ünvanlayaraq, Kuatın cəzasının bir oyuna endirilməsini xahiş edib. Tərəflər növbəti turda Almatida qarşılaşacaqlar. Onlar bildiriblər ki, "Kayrat"ın tam heyətlə oynamasını arzulayırlar.
Fanat.az