Bir inci saflığı varsa da suda, Artıq içiləndə dərd verir su da...
"CBC Sport”dakı Elnur Məmmədlinin "ilk frilanser şair” adlandırdığı Nizami Gəncəvinin bu məşhur misraları az danışmağın fəzilətləri haqdadı. Mətləbə keçmədən "frilanser” ifadəsinin daimi iş yeri olmadan müxtəlif təşkilatların sifarişlərini yerinə yetirən peşəkar jurnalistlərə, dizaynerlərə və başqa peşə sahiblərinə aid edildiyini də xatırladım ki, hörmətli oxucumun qulağı bu gün yeni söz eşitsin.
Hə, yoldaşlar, futbol camiəsinin dinə aşırı vurğunluğundan danışacam. Belə mövzuların həssaslığından, deyəcəklərimin inanclı kəsimin bəzi nümayəndələrinə xoş gəlməyəcəyindən də xəbərdaram. Zatən mən də bu mühafizəkar mühitdə doğulmuşam, boya-başa çatmışam. Evdə daim namaz qılan, oruc tutan, İmam ehsanı verən nənəmi, anamı da görmüşəm, bir fanatikin bıçaq zərbələrinə qurban gedən Rafiq Tağının acı taleyini də. Təbii ki, adamların etiqadına, dini inanclarına hörmət etmək lazımdı. Şəxsən mən də müsəlmanlar üçün müqəddəs sayılan aylarda sosial şəbəkələrdə yeyib-içmək məclislərindən şəkilləri, araq-pivə şüşələrini görəndə qıcıqlanıram, özümü həmin inanclı adamların yerinə qoyub, baxış bucağı formalaşdırmağa çalışıram. Elə məqamlar, elə dəyərlər sistemi var ki, bunları gündəlik işdə, davranışda nəzərə almağa məcbursan. Sosiallaşmısansa, ictimaiyyət arasına çıxırsansa, heç şübhəsiz, müəyyən məsələlərdə mizan-tərəzi gözləmək lazımdı.
Bakı kəndlərində az qala Nizami Gəncəvi qədər məşhur olan Hacı Qalib Salahzadə 2017-də 29-cu dəfə Həccə getdi. Son illərdən xəbərim yoxdu, çox güman, artıq 30-u arxada qoyub. Bəli, futbol aləmində də Hacı Qalibin oxşarları çoxdu. Komanda toplanışa başlayır, baş məşqçi, futbolçular düşərgədə yoxdu. Səbəbi ilə maraqlananda aydın olur ki, adamlar hələ ziyarətdən qayıtmayıblar. Özü də, demək olar ki, hər il eyni simalardı. Düzünə qalsa, mən bu təkrarlanan ziyarətlərin nəzəri-praktiki əsasları ilə də maraqlanmışam, bilikli dost-tanışdan nələrsə soruşmuşam. Belə aydın olur ki, futbolçular, ümumiyyətlə, futbol adamları ili sağlam, xoş əhval-ruhiyyədə bitirməyi niyyət edirlər. Yəni Allah sən mənim işlərimi düz gətir, pulum başımdan aşsın, mən də sənin yolundan sapmayıb ziyarətimi edəcəm. Elə burdaca dayanaq. Bildiyimə görə, İslam dininə sitayiş edən hər kəsin ömründə, heç olmasa, bircə dəfə Həccə getməsi vacib buyurulur. Yəni 21 yox, məhz bir dəfə. Bir dəfə ziyatət etdinsə, pulun və canın hesabına vacib əməli yerinə yetirdin. İndi isə ətrafımıza, bizimlə eyni havanı udan, eyni dərd-səri bölüşən soydaşlarımıza baxaq. İnanın ki, uçuq-sökük daxmalarda yaşayan çoxlu şəhid övladını, elementar məişət qayğılarının öhdəsindən gələ bilmədiyinə görə özünü asan, zəhər içən Əhmədi, Məmmədi, Şamamanı, Leylanı görəcəksiz. Ay imkanlı futbol adamları, şəxsi büdcədən dalı yana ata bildiyiniz pulları dağıdın o həmvətənlərimiz üçün. Pərakəndə şəkildə bacarmırsızsa, buyurun, fond yaradın, o fonda ən məşhur futbolçulardan birinin adını qoyun, gerçəkdən ehtiyacı olan adamlar sizin hesabınıza ayaqda qala bilsin, əməliyyata ehtiyac duyanlar yaşamaq şansı qazansınlar. Bir az diqqətli olsaz, elə futbol camiəsində də pula ciddi ehtiyac duyan adamlar var. İnqilab Məmmədovun körpə qızına vurulan "Spinraza” iynəsinin hər biri 125 min dollara başa gəlir. Ömər Paşayev bahalı müalicə prosesinin əlində əsir-yesir olub. Məncə, bu adamların və minlərlə başqa soydaşımızın əlindən tutmaq da Allah yanında savaba yazılar. Qurban olduğumun buyurduğu yolla addımlamaq, savab qazanmaq, cənnəti haqq etmək üçün o qədər əməllər, vasitələr var ki, saymaqla qurtarmaz. Qəlbin, mənəviyyatın təmiz, əməllərin düz olsun, gündəlik həyatda, yaşıl meydanda saxtakarlıq etmə, danışılmış oyunlara getmə, vətən və bayraq üçün canını qoy, layiq olduğundan artığına göz dikmə - bunlar da təkcə müsəlmanlar yox, bütün insanlıq, bəşəriyyət üçün vacib yaşam və mövcudluq şərtləridi.
P.S. əvəzi: ikinci dəfə Həccə gedənlər 500, üçüncü dəfə və daha artıq gedənlər isə Qafqaz Müsəlmanları İdarəsinə 550 dollar əlavə pul ödəməli olur...