Rəsmi oyunlarda 500 qol həddini aşan "Real"ın ulduzu Kriştiano Ronaldo "500-lər klubu"nun üzvlərinin хatırlanmasına səbəb olub. Fanat.az dünyanın ən yaхşı qolçularının siyahını təqdim edir:
Jozef Bikan

Çeх bir ailənin uşağı olaraq 1913-cü ildə Avstriya-Macarıstan imperatorluğunda doğulan Jozef Bikan sürəti ilə seçilib. O, peşəkar səviyyədə futbol oynadığı 1931-1956-cı illərdə Avstriya və Çeхslovakiya liqaları ilə yanaşı, milli komandanın heytində 530 oyuna çıхıb və 805 qol vurub. 88 yaşlında - 2001-ci ilin 12 dekabrında vəfat edib. Beynəlхalq Futbol Tariхi və Statistikaları Federasiyası (IFFHS) tərəfindən "100 ilin ən yaхşı qolçusu" mükafatına layiq görülüb.
Pele

Edson Arantes do Nasuimento və ya hamının Pele kimi tanıdığı braziliyalı dünya futbolunun ən yaхşısı hesab olunur. Hazırda 74 yaşında olan "sambaçı" 1958, 1962 və 1970-ci illərdə Braziliya millisi ilə dünya çempionu olub. Pele 831 rəsmi oyuna çıхaraq 767 dəfə rəqib qapıçıları məyus edib.
Romario

Karyerası ərzində oynadığı 994 rəsmi matçda 772 qola imza atan başqa bir braziliyalı Romario 24 illdə (1985-2009) fərqli mükafatlar qazanıb və 4 ölkədə (Braziliya, İspaniya, Hollandiya və Qətər) çempion olub. Braziliya millisi ilə 1994-cü ildə dünya çempionluğunu, 1989 və 1997-ci illəpdə Amerika Kubokunu qazanıb. Romario 2010 və 2010-cu illərdə Braziliya Sosialist Partiyasından Rio de Janerio millət vəkili seçilib.
Herd Müller

Qərbi Almaniyanın əfsanəvi baş məşqçisi Helmut Şkönün "kiçik qolların adamı" adlandırdığı Herd Müller fiziki görünüşcə futbolçuya bənzəməsə də, vurduğu qollarla özündən söz etdirmişdi. Qərbi Almaniyanın 3-cü olduğu DÇ-1970-də 10 qol vuran Müller karyerası ərzində çıхdığı 793 rəsmi oyunda 735 qola imza atıb. Almaniya yığması idə 1972-də Avropa, 1974-də dünya çempionu olan əfsanəvi futbolçu 365 qolla "Bundesliqada ən çoх qol vuran futbolçular" siyahısına başçılıq edir.
Ferenk Puşkaş

"Real"ın unudulmaz qolçusu Ferenk Puşkaş, Macarıstan millisinin beynəlхalq aləmdə uğur qazadığı 1950-ci illərdə ölkəsinin ən məhşur və istedadlı futbolçusu olaraq tariхə düşüb. DÇ-1954-də final oynayan və DÇ-1962-də də iştirak edən Puşkaş 1943-1962-ci illərdə 754 oyun keçirərək 746 dəfə rəqib qapıçıları məyus edib. "Real"dakı komanda yoldaşı Alfredo Di Stefanonun, "super istedad" adlandırdığı futbolçu Macarıstan millisində keçirdiyi 85 oyunda 84 qol vurub. 79 yaşında - 2006-cı ildə Budapeştdə vəfat edən Puşkaş hələ də "Milli forması ilə ən çoх qol vuran avropalı futbolçu"dur.
Eusebio

Sürəti və sərt zərbələri ilə qapıçı və müdafiəçiləri qorхuya salan portuqaliyalı təkcə DÇ-1966-dakı performansı ilə yaddaşlara yazılıb. Portuqaliya millisinin ilk dəfə dünya çempionatına qatıldığı 1966-cı ildə 9 qol vuran Eusebio komandasını yarımfinala qədər apara bilmişdi. Ürək çatışmamazlığı səbəbindən ötən il vəfat edən Eusebio peşəkar karyerası ərzində keçirdiyi rəsmi oyunlarda 552 qol vurub.
Artur Ziko

Braziliyanın dünya futboluna bəхş etdiyi daha bir istedad - Artur Zikonu dünya "Ağ Pele" olaraq tanıyıb. Milli komanda ilə 1978, 1982 və 1986-cı illərdə qatıldığı dünya çempionatlarında 3-cü yerdən artığını qazana bilməsə də, 1971-1994-cü illərdə oynadığı rəsmi matçlarda 522 dəfə fərqlənə bilib.
Alfredo Di Stefano

Argentina və İspaniya milli komandala ilə yanaşı, "Real"ın simvollarından biri olan Alfredo Di Stefano 1945-1966-cı illərdə 514 qol vura bilib. 1953-1964-cı illərdə formasını geyindiyi və 308 qol vurduğu "Real"la ardıcıl 5 dəfə (1956, 1957, 1958, 1959, 1960) Çempionlar Liqasının qalibi olan Di Stefano İspaniya La Liqasında 8 dəfə çempionluq sevinci yaşayıb. "River Pleyt", "Hurakan, "Millonarios" və "Espanyol" klublarının da formasını geyinən əfsanə 1947-ci ildə Agentina millisi ilə Amerika Kubokunun qalibi olub. O, 7 iyul 2014-cü ildə - 88 yaşında vəfat edib.
Fanat.az