“Futbol+” həm də “fanat”dır

“Futbol+” həm də “fanat”dır
"Futbol+” qəzeti KVDF-nin qərarına həsr olunmuş mətbuat konfransı keçirib. Elə həmin gün eşitdim ki, tədbirdə heç iki cüt, bir tək jurnalist olmayıb. 
Dostumuz Əli Sahibin bu gün bununla bağlı "Hanı Futbol+” məzunları” başlıqlı yazısını oxudum. Təbii ki, yazıda haqlı iradlar var. İdman mediasının bu tədbirə laqeyd münasibəti, həmrəylik göstərməməsi və s. 
Mən də 1999-cu ildə "Futbol+”də ilk yazımı yazmışam və mətbuata Mahir Rüstəmlinin rəhbərliyi altında gəlmişəm. Təbii ki, bunu unutmarıq və hər fürsət düşəndə də deyirik. Bu nə boğazdan yuxarı danşmaqdır, nə pafos, nə də məclislərdə spirtin gətirdiyi hərarət. Ölkədəki durum hər kəsə bəllidir: Kimin tədbiri nəyə görə işıqlandıra bilməməsini də çox adam məndən də yaxşı bilir, bunu açıb-ağartmağa dəyməz. Amma bu gün "Futbol+”in taleyi yalnız onun məzunları, bu qəzetin redaksiyasında "norton"da yazmağa başlayanlar üçün maraqlı olmamalıdır. "Futbol+” həm də "fanat”dır, "sport”dur, "idman”dır, "aut”dur, "offside”dır. 
Gəlin, qəzetin aqibətini dar çərçivəyə salmayaq. Bu, bilirsiniz, nəyə oxşayır? Müharibənin qızğın vaxtında canını qutarmaq istəyənlər bəhanə gətirirdi ki, "mən xırdalanlıyam, nə bilim, ucarlıyam nə işim var orda? Qoy, Ağdamda ağdamlılar, Cəbrayılda cəbrayıllılar döyüşsün”. 
Ölkənin yeganə idman qəzeti bağlanmaq üzrədir, diqqəti məhz buna yönəltmək lazımdır. "Futbol+”in tədbirində iki cüt, bir tək jurnalistin olmaması isə idman mətbuatının real durumunun göstəricisidir. Bir dəfə mən yazanda ki, "Qarabağ”ın Poltavadakı oyununu "Qarabağ”ın Qəbələdəki, Zirədəki matçından çox jurnalist izləyir, məni topa tuturdunuz. Düz deməmişdim ki? 
Müasir media sosial şəbəkələr – Facebook, Twitter, Instagram deməkdir. Təəssüf ki, sevimli qəzetimiz də müasir zamanla ayaqlaşmaqda, uyğunlaşmaqda çətinlik çəkdi. Bir qədər yubandı... Tədbiri işıqlandırmağa gəlincə, bəzən sosial şəbəkədəki bir paylaşım 10 saytın yazdığından daha effektli olur. 
Martda "Futbol+”a gəlməyimizin 20 illi tamam olur. Ümid edək ki, qəzetin qara günləri geridə qalar, Əli Sahib dosumuz da bizimlə birgə həmin tədbirə qatılıb yaxşı bir yazı yazar. Bu dəfə inkubatordan yox, həmişə bir yerdə daddığımız orqanik kənd çolpalarından.
 
Elnur Məmmədli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər