Futbol dünyası bu günlərdə ulduz futbolçuların müqavilələrinin bir-bir mətbuata sızdırılması ilə çalxalanır. Az qala hər gün böyük səs-küyə səbəb olacaq sənədlər yayımlanır.
Dünyanın dörd yanında geniş müzakirələrə səbəb olan sənədləri "Football Leaks 2015" adlı bir sayt üzə çıxarır. Sayt futbolçuların müqavilələrini, klublar arasındakı anlaşmaları və ödənəcək transfer məbləğlərini özündə əks etdirən möhürlü sənədləri yayımlayır.
Saytın dünya səviyyəsində müzakirələrə səbəb olan ilk işi Qaret Beylin müqaviləsini yayımlamaq olmuşdu. Həmin sənəddə uelsli futbolçunun "Tottenhem"dən "Real"a 91 yox, 101 milyona keçdiyi və bunun dünya üzrə transfer rekordu olduğu göstərilirdi.
"Football Leaks 2015" daha sonra "Mançester Yunayted"lə bağlı şok effekti yaradan sənədi paylaşdı. Məlum oldu ki, Antoni Martialın 45 milyon avroluq transfer haqqı bonuslarla birlikdə 80 milyon avroya qədər yüksələ bilər.
Son "bomba" isə Məsut Özilin müqaviləsi oldu. Həmin müqaviləyə görə "Arsenal" türk futbolçu üçün "Real"a 50 yox, 44 milyon ödəyib. Bundan başqa klub 6 mövsüm ərzində hər dəfə Çempionlar Liqasına vəsiqə qazananda "Kral Klubu"na 1 milyon verəcək. Anlaşma şərtlərinə görə, İspaniyanın hər hansı bir klubu Məsut üçün "Arsenal"a təklif göndərən zaman 48 saat müddətində bu barədə "Real"a məlumat verməlidi. Madrid klubu bu təklifə bərabər və ya daha artıq bir təkliflə türk əsilli futbolçunu geri çağırmaq hüququna sahibdi. Təklif transfer pəncərəsinin son günündə edilsə, həmin gün "Real"a məlumat verilməlidi. Müqavilədəki daha bir diqqət çəkən məqam İspaniya klubları ilə bağlıdı. Belə ki, hər hansı bir ispan klubu Məsutu 50 milyon avrodan artıq məbləğə heyətinə qatsa, bunun 33 faizi "Real"ın hesabına köçürüləcək.
Kimdi bunlar?
Ötən ilin sentyabr ayında rəsmi fəaliyyətə başlayan "Football Leaks 2015" özünü "Həqiqətin izində olan bir təşkilat" adlandırır və əlavə edir: "Bizlər, bəzi şeylərin dəyişməsi üçün lazım olan ictimai təzyiqin yüksək səslə təmin ediləcəyinə inanırıq".
Saytı idarə edənlərin kimliyi hələ gizli olsa da, yayımlarının Portuqaliya üzərindən Rusiya serverlərinin köməyi ilə yayımladığı müəyyənləşdirilib. Saytın işi və siyasəti tamamilə Julian Assangenin dünyanın dörd bir yanında hökumətlərin sirrlərini ortaya tökən "WikiLeaks" saytını xatırladır.
Məqsədləri nədi?
"Football Leaks 2015"in əsas məqsədi Portuqaliya klublarında futbolçuların transferləri ilə bağlı "üçüncü partiya ortaqlıqları"n (bəzi şirkətlər və ya şəxslər futbolçuların transfer hüququnun bir hissəsini alaraq onların keçidindən pul qazanır) saxtakarlıqlarını üzə çıxarmaqdı. Məlum oluduğu kimi Portuqaliyada geniş yayılmış "üçüncü partiya ortaqlıqları" FIFA tərəfindən qadağan edilmişdi. Saytın il kpaylaşımları "Portu", "Sportinq", "Boavişta" kimi klubların bağladığı müqavilələr olub və bunlar böyük səs-küy yaradıb.
Hədəfdə kimlər var?
"Football Leaks 2015"in hədəfindəki şirkətlərdən biri "üçüncü partiya ortaqlıqları" ilə bir çox oyunçunun transfer hüququna sahib olan "Doyen Sports" şirkətidi. Saytın yaydığı sənədlərdən birində "Doyen Sports"un 5 milyon avro qarşılığında maliyyə böhranında olan "Tvente"nin 5 futbolçusunun transfer hüququnun bir hissəsini ələ keçirdiyi görülür.
Bu oyunçular arasında 2014-cü ildə təxminən 15 milyon avro qarşılığında "Sautqempton"a transfer olunan Duşan Tadiç də var. Düzdü, həmin vaxt bu ortaqlıq qanunlar çərçivəsində olub. Amma müqaviləyə əsasən uyğun bir təklif olsa və "Tvente" bu futbolçulardan hər hansı birini satmasa, "Doyen Sports"un zərərəni ödəməyə məcburdu.
Klub bu məsələdə özünü müdafiə etsə də, Hollandiya Futbol Federasiyası "Tvente"ni 3 il avrokuboklardan kənarlaşdırıb. Səbəb olaraq da federasiyanı "Doyen Sports"la müqavilənin detalları barədə tam olaraq məlumatlandırmaması göstərilib.
Cinayətkar qruplaşma?
"Doyen Sports" şirkətindən indiyədək verilən açıqlamalarda "Football Leaks 2015"in yayımladığı sənədlər tam olaraq təkzib edilməsə də, bəzi məlumatların manipulasiya edildiyi iddia olunub. Həmçinin saytın rəhbərliyini "kiber hücum" təşkil etməkdə suçlayıb.
Şirkətin mətbuat katibi Françisko Empis "Football Leaks 2015"i "saxtakarlıq"da günahlandıraraq məsələnin polis tərəfindən araşdırıldığını bildirib. İspaniyanın məşhur AS qəzeti isə saytı "beynəlxalq cinayətkar qruplaşma" adlandırıb.
Fanat.az