Əcəmi Əsədulla
Bəli mən. Mən özümü hal-hazırda oyuna əlavə olunmuş dəqiqələrdən sonra təyin olunan penaltilər seriyasının sonuncu penaltisini vura bilməyən oyunçu kimi hiss edirəm. Səbəb? Səbəb də sənsən…
Hər şey səni ilk dəfə görəndən sonra başladı. İlk görüşdə sevgi. Buna “ilk dəqiqədə qol da” deyə bilərsən. Sanki gözlərinin mavisi "AVRO-2004"dəki Yunanıstan millisidir. Hansı taktikalardan istifadə etdimsə də, o mavi gözlərə girə bilmədim. Amma hələ də ümidliyəm. Eynən "AVRO-2008"də Türkiyə yığması kimi. Son dəqiqələrimə kimi …..
Qəlbinə yol tapmaq gözlərinə girməkdən də çətindir. Hər oyuna fərqli bir taktika ilə çıxırsan. Bir saniyədən sonra edəcəyin hər hansı bir qeyri-adi hərəkəti təxmin edə bilmirəm. La Liqada top qovan müdafiəçilər Messidən bu qədər çəkmədi ki, mən səndən çəkirəm. Amma bezirəmmi? Əlbəttə yox….
Bülənt Qorxmazın 2000-ci il UEFA Kubokunun finalında bir əli sarğıda, tək əllə oynamasını yadıma salıb, sevgisinə həsəd aparıram. Məhz buna görə səndən gələn hər şey xoşdu. Amma qəlbinə yol tapa bilmirəm. Hərçənd ki, bu qəlb dəmir boltlarla bərkidilib. Yəni kotenaççodur… Bu kotenaççonu dağıdan ispan xarizmasının olduğunu da düşün məncə. "AVRO-2012"nin finalını xatırla və mənə ümidlə gülümsə…
Gülümsə. Gülümsə ki, qəlbimdə ümidlər cücərsin. Səni gözləyirəm. 10 yaşlı Əlinin sentyabr ayının ortasında saat 23:45 dəqiqəni gözlədiyi kimi. Səni gözləyirəm. Anasına bazardan mənə forma al deyib və anasının dönməsini gözləyən Nicat kimi. Səni gözləyirəm. İlk dəfə atası ilə axşam stadionda futbola baxmaq üçün getməyə tələsən balaca İsmayıl kimi.
Gəlməyini, gəlib də iki kəlmə xoş söz deyəcəyini gözləyirəm. Lakin gəlib də mənim qəlbimi qırma. Qutman lənətinin nə olduğunu yaxşı bilirəm. “Benfika” kimi məni sonadək arxanca süründürüb, sonra “Xəzər Lənkəran”ın gününə salma.
Sanki, bütün həyatım iki dodağından çıxan sözlərdən asılıdır. Belkə heç dopinq testi verənlər belə heyəcanla cavab gözləmir. Nə olar ki, 1992-ci ildə UEFA-nın Danimarkaya verdiyi şansı mənə sən versən. Nə olardı ki, Prosineçkini Əfrana etimad etdiyi kimi sən də mənə etimad etsən. Nə olardı kı, uzun müddət Buffonun qapısını qoruduğu kimi səni qorusam…
Nə mən Azərbaycan millisiyəm, nə də sən Fransa, Polşa, Serbiya və başqaları.
Bu qədər acımasız, qəddar olmağına səbəb yoxdu…
Başda da dedyimin kimi, ya gəl məni Popesku et, ya da Baccio kimi qalım.
Fanat.Az