"Karyeramın sonlarına yaxın onunla meydanda üz-üzə gəlmişəm. O vaxt Beyl gənc oğlan idi, Uelsin heyətində bizə qarşı mübarizə aparmışdı. Sürətli və güclü idi. Düzü, superfutbolçu olacağını düşünmürdüm. Amma Qaret inanılmaz, kosmik sürətinin hesabına çox yüksəklərə qalxdı".
Fanat.Az xəbər verir ki, bunu Rusiya millisinin və London "Arsenal"ının sabiq hücumçusu Andrey Arşavin "Matç TV"-yə müsahibəsində deyib.
Arşavin yanvarın 9-da karyerasını bitirdiyini açıqlayan uelsli ulduzun "Tottenhem"də parladığını, lakin "Real Madrid"də xüsusi nə iləsə yadda qalmadığını söyləyib:
"Sonradan İngiltərədə hücumçu mövqeyində oynadı. "Tottenhem"in liderinə çevrilmişdi... Qaçır, qollar vururdu... İngiltərədə bir neçə il qarşılaşmışıq. Ardından isə bildiyiniz kimi, "Real Madrid"ə keçdi. "Real"dakı oyununu xatırlayırammı? Məncə, yox... Xüsusi nə isə xatırlamıram.
Karyerasını bitirməsinə gəlincə, doğrusu, Beyl futbolla ciddi mənada, çoxdan qurtarıb. Son vaxtlar az-çox Uels seçməsində gözə dəyib".
Qeyd edək ki, Beylin son klubu MLS təmsilçisi "Los-Anceles" olub.
Nihat