İngiltərə Premyer Liqasının 8-cı turu çərçivəsində "Arsenal" öz meydanında "Kristal Pelas"ı qəbul edəcək.
Fanat.Az "The Independent" nəşrinə istinadən xəbər verir ki, matçdan öncə danışan "Arsenal"ın baş məşqçisi Mikel Arteta "Kristal Pelas"ın çalışdırıcısı Patrik Vieyra ilə bağlı fikirlərini bölüşüb.
Artetanın sözlərinə görə, rəqib komandanın baş məşqçisi Patrik Vieyra "Arsenal" azarkeşləri tərəfindən alqışlanacaq: "Çox dominant bir fiqur idi. Təbiət ona fiziki qabiliyyət bəxş edib. Vieyra həm də texnikalı idi, müdrik idi, gözlənilmədən qol vura bilirdi. Əminəm ki, "Arsenal" azarkeşləri onu tribunalardan alqışlayacaqlar. Patrik, Patrik idi. Birdə belə oyunçu heç zaman olmayacaq".
Qeyd edək ki, 45 yaşlı Vieyra 1996-2005-ci illərdə "Arsenal"ın şərəfini qoruyub. Fransız veteran bu müddətdə 279 oyunda meydana çıxıb və 29 qola imza atıb.
Xatırladaq ki, "Arsenal" - "Kristal Pelas" oyunu oktyabrın 18-i Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək.
Emin Şəmsiyev