"Palms Sports Arena"dakı nokdauna sözardı

"Palms Sports Arena"dakı nokdauna sözardı

Üç ildən sonra avrokuboklarda oynamaq hüququ qazanan "Neftçi"nin öz meydanında Minsk "Dinamo"suna uduzacağı ən bədbin azarkeşin də ağlına gəlməzdi. Ötən mövsümün sonlarında Yuri Vernidubun rəhbərliyi altında fırtına kimi əsən və ardıcıl qələbələr sayəsində 4-cü yeri tutaraq UEFA Konfrans Liqasında iştirak şansı yaxalayan "ağ-qaralar"ın "Palms Sports Arena"da Belarus komandasına boyun əyməsi həqiqətən gözlənilməz oldu. Matçdan öncə mətbuata açıqlamalar verən mütəxəssislər də Bakı komandasını aşkar favorit saydıqlarını bəyan edir, "Dinamo"nun Azərbaycanın paytaxtından məyus ayrılacağını bildirirdilər.

Matçın ilk 8 dəqiqəsində 2 qol vuran meydan sahiblərinin yekunda 2:4 hesablı yenilgiyə üzülməsinin özündə də həm bir qədər qəribəlik, həm də çox ağır məyusluq var. Təbii, futbolda belə hala ilk dəfə rast gəlinmir. Futbol 90 dəqiqə oynanılır və adətən yekunda matça daha düzgün yanaşan tərəf qalib gəlir. Bu qarşılaşmanı təhlil etməyə çalışsaq, ayrı-ayrı fərdlər üzərində dayanmaqdan daha çox psixoloji məqamları qabartmalıyıq. Dəqiq olan budur ki, "Dinamo" rəqibindən daha istəkli, daha aqressiv və daha inamlı idi. Yarım saatdan sonra "yuxuya gedən" flaqmanın parlaq başlanğıcın güdazına getdiyi şübhə doğurmur. Həm də bütün hallarda, məğlubiyyətin əsas səbəbkarı nəticəyə görə birbaşa cavabdehlik daşıyan Vernidubun özüdür. "Xalq komandası"nın fanatlarını üzməsinin arxasından gizlənən digər həqiqətləri Bolqarıstanda baş tutacaq cavab qarşılaşmasından sonraya saxlamaq isə ən düzgün seçimdir. Ola bilsin ki, "Neftçi" nokdaundan çıxacaq və bakılıların qonaq qismində geridönüş etməyə cəsarəti və gücü çatacaq.

Bəs yaxşı, "Neftçi" nəyin hesabına düşdüyü ağır durumdan çıxa, bərk incitdiyi fanatlarının könlünü ala bilər? Hər şeydən öncə Vernidub çalışdırdığı kollektivi psixoloji cəhətdən toparlamağı bacarmalı, özü öz səhvlərindən düzgün nəticə çıxarmalıdır. Ölkənin reytinqi naminə yerli futbol ictimaiyyəti də "ağ-qaralar"ı belə desək, sıxma-boğmaya salmamalı, suları bir qədər də bulandırmamalıdır. Döyüşün birinci raundunda uduzan kollektivin məlum siyasi sanksiyalar səbəbindən neytral meydanda mübarizə aparmaq məcburiyyətində qalan "Dinamo" ilə ikinci dueldə səfər ab-havasından əziyyət çəkməyəcəyi bəlli gerçəklikdir. Bir sözlə, bu, hələ son deyil. İndilik ən yaxşısına ümid edək. Gerisini isə təbii ki, zaman göstərəcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər