FIDE Qran-Prisi: Məmmədyarov yenə heç-heçə etdi

FIDE Qran-Prisi: Məmmədyarov yenə heç-heçə etdi

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Serbiyanın paytaxtı Belqradda təşkil olunan FIDE Qran-Prisində növbəti görüşünü keçirib.

Fanat.Az xəbər verir ki, 36 yaşlı qrossmeyster D qrupunun 3-cü turunda rusiyalı Aleksandr Predke ilə üz-üzə gəlib. Ağ fiqurlarla oynayan Məmmədyarov 55-ci gedişdə heç-heçəyə razılaşıb.

Qrupun digər görüşündə fransalı Maksim Vaşye-Laqrav çinli Yu Yanqyu ilə qarşılaşıb. Həmin oyunda da qalib müəyyənləşməyib.

Məmmədyarov ilk turda Yu Yanqyu ilə, ardınca isə Vaşye-Laqravla heç-heçə oynayıb. Qrupdakı hər şahmatçının aktivində 1,5 xal var.

Əsasnaməyə görə, hər qrupda dairəvi sistemlə ikidövrəlik mübarizə gedəcək. Nəticədə yalnız qrup qalibləri yarımfinala yüksələcəklər. Həm yarımfinal, həm də final 2 klassik oyundan və lazım gələrsə, tay-breykdən ibarət olacaq. 

Seriyada ümumilikdə 24 şahmatçı iştirak edir. Hər bir şahmatçı seriyanın maksimum iki turnirində oynaya bilər. Şəhriyar Məmmədyarov həmçinin turnirin sonuncu - 3-cü mərhələsində iştirak edəcək. Seriyanın sonunda ən yaxşı göstəriciyə sahib iki şahmatçı bu il İspaniyanın paytaxtı Madriddə keçiriləcək İddiaçılar Turnirinə vəsiqə qazanacaq.

Qeyd edək ki, FIDE Qran-Prisinin II mərhələsinə martın 14-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur.

Sahib

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər