Azərbaycan və Türkiyə milli komandaları arasında "Bir millət, iki dövlət” şüarı altında təşkil edilən internet üzərindən sürətli şahmat üzrə dostluq görüşü başa çatıb.
Fanat.az Azərbaycan Şahmat Federasiyasına istinadla xəbər verir ki, yarışın üçüncü - son günündə daha 2 turun oyunları baş tutub. Əvvəlki partiyalarda üstünlüyü ələ alan Azərbaycan şahmatçıları daha iki turu qələbə ilə sona çatdırıb.
V turda Azərbaycan komandası 4.5:1.5 hesablı qələbə qazanıb. Günay Məmmədzadə,Vüqar Əsədli, Xanım Balacayeva qələbə qazandığı halda, Şəhriyar Məmmədyarov,Rauf Məmmədov və Gülnar Məmmədova heç-heçəyə razılaşıb. VI turda onlar 5:1 hesablı qələbəyə sevinib. Rauf Məmmədov, Gülnar Məmmədova,Vüqar Əsədli, Xanım Balacayeva rəqiblərini məğlub edib. Şəhriyar Məmmədyarovla Günay Məmmədzadə heç-heçə oynayıb.
6 turun yekunu nəticəsində Azərbaycan millisi Türkiyə komandasına 26:10 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, dostluq görüşü bu Olimpiadaya hazırlıq xarakteri daşıyıb.