DÇ-2022-yə doğru: 22-ci mundial və boykotlara iddia ilə cavab verən Qətər 

DÇ-2022-yə doğru: 22-ci mundial və boykotlara iddia ilə cavab verən Qətər 

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Növbəti futbol bayramının - dünya çempionatının startı üçün gerisayım başlayıb və mundialın başlamasına üç həftə vaxt qalıb. Qətərin ev sahibliyi edəcəyi yarış noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək. 

Beləliklə, Qətər Yaxın Şərqdə dünya çempionatına ev sahibliyi edən ilk ərəb ölkəsi olacaq. Budəfəki mundial həm də qışda keçiriləcək ilk DÇ kimi tarixə düşəcək.

DÇ-2022-yə doğru: 22-ci mundial və boykotlara iddia ilə cavab verən Qətər  İllərdir bunun üçün böyük investisiyalar sərf edən və hazırlıqlar görən ölkə rəhbərliyi qarşısına yüksək məqsəd qoyub. Bəzi Avropa ölkələri insan hüquqlarının pozulduğunu əsas gətirərək, Qətərdə təşkil olunacaq yarışı boykot çağırışı etsələr də, fakt faktlığında qalır: dünyanın hər yerindən gələcək tamaşaçıları müasir stadionlar, əyləncə məkanları, mədəni və digər müxtəlif tədbirlər gözləyir. DÇ tarixinin ən yaxşısı?!

Qətərin turizm cazibəsi qonaqların yaxşı vaxt keçirməsinə şərait yaradacaq. Bu baxımdan, İnci adası, Doha çimərliyi, Esbayır bağı, muzeylər, gəzinti yerləri, səhra safariləri, dəvə sürmə, qumda maşın sürmə kimi əyləncələr tamaşaçılara təqdim olunacaq. Dünya çempionatı zamanı ziyarətçilər Ras Bufontas metrosunun yaxınlığında keçiriləcək və 15 min nəfəri qəbul edəcək "Arcadia Spectacular" musiqi festivalında və "Mdlbeast" əyləncə şirkətində musiqili tədbirlərdə vaxt keçirə biləcəklər. "Sheraton" otelinin bağından İslam İncəsənəti Muzeyinə qədər uzanan Doha sahil zolağında keçiriləcək tədbirlər də səyahətçilərə zövq bəxş edəcək...

Builki dünya çempionatının mundiallar tarixinin ən yaxşısı olacağı iddia olunur. Hər halda, ötən həftə bu barədə açıqlama verən FİFA prezidenti Canni İnfantino belə düşünür: "Mən həmişə deyirəm ki, Qətərdə keçiriləcək dünya çempionatı indiyə qədər təşkil edilən mundialların ən yaxşısı olacaq. Ölkəyə baxanda - stadionlar, məşq meydançaları, metro, geniş infrastruktur - bunu görmək mümkündür. Qətər hazırdır! Gəlin, birlikdə ən yaxşı turnirə hazır olaq".

DÇ-nin Təşkilat Komitəsi Yaxın Şərq və ərəb dünyasında ilk dəfə keçiriləcək DÇ-nin biletlərinə tələbatın yüksək olduğunu bildirib. Qeyd olunub ki, indiyə qədər 3 milyona yaxın bilet satılıb və turnirə ən çox tələbat ABŞ, Səudiyyə Ərəbistanı, İngiltərə, Meksika, Birləşmiş Ərəb Əmirlikləri, Argentina, Fransa, Braziliya və Almaniyadandır.  DÇ-2022-yə doğru: 22-ci mundial və boykotlara iddia ilə cavab verən Qətər  Mundiala getməyən ulduzlar Ancaq elə ölkələr var ki, onların sakinləri mundiala həsrətlə baxacaq. Çünki həmin ölkələrin milli komandaları DÇ-yə vəsiqə qazana bilməyib. Söhbət nəhəng turniri buraxacaq İtaliya, İsveç, Ukrayna, Rusiya, Avstriya, Çexiya, Norveç, Türkiyə, Kolumbiya, Peru, Çili, Paraqvay, Nigeriya, Əlcəzair, Misir, Kot d'İvuar kimi güclü yığmalardan gedir. 

Bu o deməkdir ki, Erlinq Holand, Məhəmməd Salah, Zlatan İbrahimoviç, Marko Verratti, Pyer-Emerik Obameyanq, Canluici Donnarumma, Viktor Osimhen, Edin Dzeko, Leonardo Bonuççi, David Alaba, Hakan Çalhanoğlu, Riyad Mahrez, Çiro İmmobile, Luis Dias, Uilfrid Zaha, Cengiz Ündər, Migel Almiron, Nabi Keyta kimi məşhur, ulduz futbolçuları Qətərdə görməyəcəyik.

Bundan başqa, DÇ-2022-də sırf zədə səbəbilə gedə bilməyəcək oyunçular da yetərincədir: Nqolo Kante, Corcinyo Veynaldum, Ronald Arauxo, Riis Ceyms, Dioqo Jota, Artur Melo, Aleksis Salemakers, Korenten Tolisso, Buna Sarr, Darko Lazoviç, Xesus Korona.

Dünya çempionatı 8 möhtəşəm stadionda oynanılacaq. 

Al Bayt - 60 min tutuma malik bədəvi çadırı şəklindəki arena DÇ-2022-nin açılış matçına ev sahibliyi edəcək. "Ev" mənası verən stadionda həmçinin, qrup oyunları, 1/16, 1/8 və yarımfinal matçları keçiriləcək.

Ahmed bin Ali Arena - 40 min tamaşaçı tutan arenada son texnologiyalar quraşdırılıb. Qrup oyunları və 1/16 final matçlarının keçirilməsi üçün nəzərdə tutulub. 

Al Janoub Arena - 40 min tutuma malik stadion İraq mənşəli ingilis memar Zaha Hadid tərəfindən inşa edilib. Qrup oyunları 1/16 final matçlarına ev sahibliyi edəcək. 

Al Thumama Arena - 40 min azarkeşi qəbul edə biləcək. Qrup oyunları burada keçiriləcək.

"Almas fi Alsahra" (Səhra almazı) adlandırılan arena 40 min tamaşaçı tutumuna malikdir. Təhsil mərkəzində - "Qatar Foundation Education City" kompleksində yer alan stadion qrup oyunları və 1/16 final matçlarının keçirilməsi üçün nəzərdə tutulub.

"Doha Sports City Home" da 40 minlik stadiondur. Qrup oyunları, həmçinin, 3-cü yer uğrunda matç burada oynanılacaq.

Ras Abu Aboud - 40 min tamaşaçını qəbul etməyə hazır olan ultramodern arenadır. Qrup oyunlarına ev sahibliyi edəcək.

Lusail Arena - ən böyük arena 80 minlikdir. Qrup görüşlərindən başqa, final qarşılaşmalarının burada keçirilməsi nəzərdə tutulub. Qətər rekord(çu)lar məkanı olacaq 

22-ci mundial kimi tarixə düşəcək yarış ilklərlə, həmçinin, yeni rekordlarla yadda qala bilər. Məsələn, Kriştianu Ronaldu Qətərdə qol vursa, 5 dünya çempionatında rəqib qapısına yol tapan ilk futbolçu kimi tarixə düşəcək. Hazırda onunla (2006, 2010, 2014, 2018) bərabər 4 mundialda toru silkələyən oyunçular Pele (1958, 1962, 1966, 1970), Uve Zeeler (1958, 1962, 1966, 1970), Miroslav Klozedir (2002, 2006, 2010, 2014).

Sonuncu mundialına yollanacaq Lionel Messi DÇ-2022-də finala qədər bütün oyunlarda meydana çıxsa, dünyanın ən böyük yarışında 26 matç keçirmiş olacaq və Lotar Matteusa məxsus rekordu (25 ) yeniləyəcək. Argentinalı hazırda bu mənada 12-18-ci yerləri bölüşdürür.

Dünya çempionatlarında ən çox matça çıxan komandalara gəlincə, burada da ciddi rəqabət var. Braziliya və Almaniyanın hər biri hazırkı ana görə 109 görüş keçirib. "Selesao"nun bütün mundiallarda çıxış etmiş yeganə milli olduğunu xatırladaq.

Hesabında 81 matç olan Argentina artıq qrup mərhələsindən sonra İtaliyanı (83) geridə qoyacaq və 3-cü pilləyə yüksələcək. Niderland (50) qrup mərhələsinin 2-ci turundan sonra İsveçi (51) keçəcək və DÇ-lərdə ən çox oyun keçirən 10-cu yığma olacaq.

Kriştianu Ronaldu, Lionel Messi və Andres Quardado Qətərdəki mundialda meydana çıxsalar, 5 dünya çempionatında oynamış Antonio Karbaxal (meksikalı qapıçı), Lotar Matteus və Rafael Markesin rekorduna şərik çıxacaqlar. Qeyd edək ki, Canluici Buffon 5 DÇ-yə yollansa da, 1998-ci ildə oynamamışdı. Gilyermo Oçoa Qətərə aparılsa, 5-ci mundialı olacaq, ancaq 2006-cı və 2010-cu illərdə meydana çıxmamışdı.

Messi Qətərdə 1, Ronaldu isə 3 oyun keçirsələr, mundiallarda 20 matçda meydana çıxan elit siyahıya adlarını yazdırmış olacaqlar. Hazırda orada yer alan 11 futbolçunun hamısı karyerasını bitirdiyinə görə, Lionel ilə Kriştianu hər növbəti görüşdən sonra mövqeyini yaxşılaşdırmağa davam edəcəklər.

Son 3 mundialda əvvəlki çempion mübarizəni qrupda dayandırır: DÇ-2010-da İtaliya, DÇ-2014-də İspaniya, DÇ-2018-də Almaniya.

Hazırda 32 millidən 10-nun məşqçisi əcnəbidir: Ekvador, Qətər, İran, Meksika, Səudiyyə Ərəbistanı, Kosta Rika, Belçika, Kanada, Koreya, Uruqvay. Bundan əvvəlki 21 turnirdə dünya çempionu olan məşqçilərin hamısı öz ölkəsinin komandasını çalışdırıb.

DÇ-2022-yə yollanacaq məşqçilər arasında mundialda ən təcrübəlisi son qalib Didye Deşamdır. Fransa millisi onun başçılığı altında final mərhələsində 12 matça çıxıb. Deşam bu göstəriciylə mundiallar tarixində 20-22-ci çalışdırıcıdır. "Üçrənglilər"in növbəti zəfəri onu, komandası DÇ-lərdə ən çox oyun keçirən 7-ci məşqçi edəcək.

Mundialların rəqəmli pasportu:

DÇ-1930 - URUQVAY Vaxt: 13-30 iyul Oyunların keçirildiyi stadionların sayı: 3 İştirakçılar (3 konfederasiyadan 13 komanda): Uruqvay, Argentina, Braziliya, Çili, Paraqvay, Peru, Boliviya, Yuqoslaviya, Fransa, Belçika, Rumıniya, ABŞ, Meksika Oyun sayı: 18 Qol sayı: 70 (orta hesabla 3,89) Het-trik: 3 Penalti: 4 (3-ü qeyri-dəqiq) Sarı (qırmızı) vərəqə: 0 (1) Ümumi tamaşaçı sayı: 590544 (orta hesabla 32808) 1-ci yer: Uruqvay 2-ci yer: Argentina 3-cü yer: Yuqoslaviya, ABŞ Bombardir: Gilyermo Stabile (Argentina) – 8

DÇ-1934 – İTALİYA Vaxt: 27 may – 10 iyun Oyunların keçirildiyi stadionların sayı: 8 İştirakçılar (4 konfederasiyadan 16 komanda): İtaliya, Almaniya, Fransa, Macarıstan, Avstriya, Çexoslovakiya, Belçika, İsveç, Hollandiya, İsveçrə, Rumıniya, İspaniya, Argentina, Braziliya, ABŞ, Misir. Oyun sayı: 17 Qol sayı: 70 (orta hesabla 4,12) Het-trik: 3 Penalti: 4 (1-i qeyri-dəqiq) Sarı (qırmızı) vərəqə: 0 (1) Tamaşaçı sayı: 363000 (orta hesabla 21353) 1-ci yer: İtaliya 2-ci yer: Çexoslovakiya 3-cü yer: Almaniya Bombardir: Oldrjix Needlı (Çexoslovakiya) – 5

DÇ-1938 – FRANSA Vaxt: 4–19 iyun Oyunların keçirildiyi stadionların sayı: 10 İştirakçılar (4 konfederasiyadan 15 milli komanda): Fransa, İtaliya, Almaniya, Çexoslovakiya, Macarıstan, İsveç, Niderland, İsveçrə, Rumıniya, Norveç, Polşa, Belçika, Braziliya, Kuba, Niderland Ost-Hindi (Almaniya tərəfindən ilhaq edilən Avstriyaturnirə qatıla bilmədi) Oyun sayı: 18 Qol sayı: 84 (orta hesabla 4,67) Poker: 1 Het-trik: 3 Penalti: 5 (2-si qeyri-dəqiq) Sarı (qırmızı) vərəqə: 0 (4) Tamaşaçı sayı: 376000 (orta hesabla 20889) 1-ci yer: İtaliya 2-ci yer: Macarıstan 3-cü yer: Braziliya Bombardir: Leonidas da Silva (Braziliya) – 7

DÇ-1950 – BRAZİLİYA Vaxt: 24 iyun – 16 iyul Oyunların keçirildiyi stadionların sayı: 6 İştirakçılar (3 konfederasiyadan 13 milli komanda): Braziliya, Boliviya, Çili, Paraqvay, Uruqvay, İtaliya, İsveçrə, İsveç, İspaniya, İngiltərə, Yuqoslaviya, Meksika, ABŞ. Oyun sayı: 22 Qol sayı: 88 (orta hesabla 4) Poker: 1 Het-trik: 1 Penalti: 4 (1-i qeyri-dəqiq) Sarı (qırmızı) vərəqə: 1 (0) Tamaşaçı sayı: 1045246 (orta hesabla 47511) 1-ci yer: Uruqvay 2-ci yer: Braziliya 3-cü yer: İsveç Bombardir: Ademir (Braziliya) – 8

DÇ-1954 – İSVEÇRƏ Vaxt: 16 iyun – 4 iyul Oyunların keçirildiyi stadionların sayı: 6 İştirakçılar (4 konfederasiyadan 16 milli komanda): İtaliya, İsveçrə, AFR, Macarıstan, Türkiyə, Avstriya, Fransa, İngiltərə, Çexoslovakiya, Yuqoslaviya, Şotlandiya, Belçika, Braziliya, Uruqvay, Meksika, Koreya Oyun sayı: 26 Qol sayı: 140 (orta hesabla 5,38) Poker: 1 Het-trik: 7 Penalti: 8 (1-i qeyri-dəqiq) Sarı (qırmızı) vərəqə: 0 (3) Avtoqollar: 4 Tamaşaçı sayı: 768607 (orta hesabla 29562) 1-ci yer: AFR 2-ci yer: Macarıstan 3-cü yer: Avstriya Bombardir: Şandor Koçiş (Macarıstan) – 11

DÇ-1958 – İSVEÇ Vaxt: 8 – 29 iyun Oyunların keçirildiyi stadionların sayı: 12 İştirakçılar (3 konfederasiyadan 16 milli komanda): AFR, Avstriya, Çexoslovakiya, Fransa, İngiltərə, İsveç, Macarıstan, SSRİ, Şimali İrlandiya, Şotlandiya, Uels, Yuqoslaviya,  Argentina, Braziliya, Paraqvay, Meksika Oyun sayı: 35 Qol sayı: 126 (orta hesabla 3,6) Poker: 1 Het-trik: 2 Penalti: 10 (3-ü qeyri-dəqiq) Sarı (qırmızı) vərəqə: 0 (3) Avtoqol: 0 Tamaşaçı sayı: 819810 (orta hesabla 23423) 1-ci yer: Braziliya 2-ci yer: İsveç 3-cü yer: Fransa Bombardir: Jüst Fonten (Fransa) – 13

DÇ-1962 – ÇİLİ Vaxt: 30 may – 17 iyun Oyunların keçirildiyi stadionların sayı: 4 İştirakçılar (3 konfederasiyadan 16 milli komanda): AFR, Argentina, Bolqarıstan, Braziliya, Çexoslovakiya, Çili, İngiltərə, İspaniya, İsveçrə, İtaliya, Kolumbiya, Macarıstan, Meksika, SSRİ, Uruqvay, Yuqoslaviya. Oyun sayı: 32 Qol sayı: 89 (orta hesabla 2,78) Poker: 0 Het-trik: 1 Penalti: 8 (hamısı dəqiq olub) Sarı (qırmızı) vərəqə: 1 (6) Avtoqol: 0 Tamaşaçı sayı: 893172 (orta hesabla 27912) 1-ci yer: Braziliya 2-ci yer: Çexoslovakiya 3-cü yer: Çili Bombardirlər: Qarrinça, Vava (hər ikisi Braziliya), L.Sançes (Çili), V.İvanov (SSRİ), Albert (Macarıstan), Yerkoviç (Yuqoslaviya) – 4

DÇ-1966 – İNGİLTƏRƏ Vaxt: 11–30 iyul Oyunların keçirildiyi stadionların sayı: 8 İştirakçılar (4 konfederasiyadan 16 milli komanda): AFR, Argentina, Bolqarıstan, Braziliya, Çili, Fransa, İngiltərə, İspaniya, İsveçrə, İtaliya, KXDR, Macarıstan, Meksika, Portuqaliya, SSRİ, Uruqvay. Oyun sayı: 32 Qol sayı: 89 (orta hesabla 2,78) Poker: 1 Het-trik: 1 Penalti: 8 (hamısı dəqiq olub) Sarı (qırmızı) vərəqə: 21 (5) Avtoqol: 2 Tamaşaçı sayı: 1563135 (orta hesabla 48848) 1-ci yer: İngiltərə 2-ci yer: AFR 3-cü yer: Portuqaliya Bombardir: Eysebio (Portuqaliya) – 9

DÇ-1970 – MEKSİKA Vaxt: 31 may – 21 iyun Oyunların keçirildiyi şəhərlər: Qvadalaxara, Leon, Mexiko, Puebla, Toluka Oyunların keçirildiyi stadionların sayı: 5 İştirakçılar (5 konfederasiyadan 16 milli komanda): AFR, Belçika, Bolqarıstan, Braziliya, Çexoslovakiya, İngiltərə, İsrail, İsveç, İtaliya, Meksika, Mərakeş, Peru, Rumıniya, Salvador, SSRİ, Uruqvay. Oyun sayı: 32 Qol sayı: 95 (orta hesabla 2,97) Poker: 0 Het-trik: 2 Penalti: 5 (hamısı dəqiq olub) Sarı (qırmızı) vərəqə: 51 (0) Avtoqol: 1 Tamaşaçı sayı: 1604065 (orta hesabla 50127) 1-ci yer: Braziliya 2-ci yer: İtaliya 3-cü yer: AFR Bombardir: Gerd Müller (AFR) – 10

DÇ-1974 – AFR Vaxt: 13 iyun – 7 iyul Oyunların keçirildiyi stadionların sayı: 9 İştirakçılar (5 konfederasiyadan 16 milli komanda): ADR, AFR, Argentina, Avstraliya, Bolqarıstan, Braziliya, Çili, Haiti, İsveç, İtaliya, Niderland, Polşa, Şotlandiya, Uruqvay, Yuqoslaviya, Zair. Oyun sayı: 38 Qol sayı: 97 (orta hesabla 2,55) Poker: 0 Het-trik: 2 Penalti: 8 (6-sı dəqiq olub) Sarı (qırmızı) vərəqə: 86 (5) Avtoqol: 3 Tamaşaçı sayı: 1865762 (orta hesabla 49099) 1-ci yer: AFR 2-ci yer: Niderland 3-cü yer: Polşa Bombardir: Qjeqoj Lyato (Polşa) – 7

DÇ-1978 – ARGENTİNA Vaxt: 1-25 iyun Oyunların keçirildiyi stadionların sayı: 6 İştirakçılar (5 konfederasiyadan 16 milli komanda): AFR, Argentina, Avstriya, Braziliya, Fransa, Niderland, İran, İspaniya, İsveç, İtaliya, Macarıstan, Meksika, Peru, Polşa, Tunis, Şotlandiya Oyun sayı: 38 Qol sayı: 102 (orta hesabla 2,68) Poker: 0 Het-trik: 2 Penalti: 14 (12-si dəqiq olub) Sarı (qırmızı) vərəqə: 58 (3) Avtoqol: 3 Tamaşaçı sayı: 1545791 (orta hesabla 40679) 1-ci yer: Argentina 2-ci yer: Niderland 3-cü yer: Braziliya Bombardir: Mario Kempes (Argentina) – 6

DÇ-1982 – İSPANİYA Vaxt: 13 iyun – 11 iyul Oyunların keçirildiyi stadionların sayı: 17 İştirakçılar (6 konfederasiyadan 24 milli komanda): AFR, Argentina, Avstriya, Belçika, Braziliya, Çexoslovakiya, Çili, Əlcəzair, Fransa, Honduras, İngiltərə, İspaniya, İtaliya, Kamerun, Küveyt, Macarıstan, Peru, Polşa, Salvador, SSRİ, Şimali İrlandiya, Şotlandiya, Yeni Zelandiya, Yuqoslaviya Oyun sayı: 52 Qol sayı: 146 (orta hesabla 2,81) Poker: 0 Het-trik: 4 Penalti: 10 (8-i dəqiq olub) Sarı (qırmızı) vərəqə: 98 (5) Avtoqol: 1 Tamaşaçı sayı: 2109723 (orta hesabla 40572) 1-ci yer: İtaliya 2-ci yer: AFR 3-cü yer: Polşa Bombardir: Paolo Rossi (İtaliya) – 6

DÇ-1986 – MEKSİKA Vaxt: 31 may – 29 iyun Oyunların keçirildiyi stadionların sayı: 12 İştirakçılar (5 konfederasiyadan 24 milli komanda): AFR, Argentina, Belçika, Bolqarıstan, Braziliya, Danimarka, Əlcəzair, Fransa, İngiltərə, İraq, İspaniya, İtaliya, Kanada, Koreya, Macarıstan, Meksika, Mərakeş, Paraqvay, Polşa, Portuqaliya, SSRİ, Şimali İrlandiya, Şotlandiya, Uruqvay Oyun sayı: 52 Qol sayı: 132 (orta hesabla 2,54) Poker: 1 Het-trik: 3 Penalti: 16 (12-si dəqiq olub) Sarı (qırmızı) vərəqə: 137 ( 8 ) Avtoqol: 1 Tamaşaçı sayı: 2394031 (orta hesabla 46039) 1-ci yer: Argentina 2-ci yer: AFR 3-cü yer: Fransa Bombardir: Qari Lineker (İngiltərə) – 6

DÇ-1990 – İTALİYA Vaxt: 8 iyun – 8 iyul Oyunların keçirildiyi stadionların sayı: 12 İştirakçılar (5 konfederasiyadan 24 milli komanda): ABŞ, AFR, Argentina, Avstriya, Belçika, BƏƏ, Braziliya, Çexoslovakiya, İngiltərə, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kamerun, Kolumbiya, Koreya, Kosta Rika, Misir, Niderland, Rumıniya, SSRİ, Şotlandiya, Uruqvay, Yuqoslaviya Oyun sayı: 52 Qol sayı: 115 (orta hesabla 2,21) Poker: 0 Het-trik: 2 Penalti: 18 (13-ü dəqiq olub) Sarı (qırmızı) vərəqə: 169 (16) Avtoqol: 0 Tamaşaçı sayı: 2516348 (orta hesabla 48391) 1-ci yer: AFR 2-ci yer: Argentina 3-cü yer: İtaliya Bombardir: Salvatore Skillaçi (İtaliya) – 6

DÇ-1994 – ABŞ Vaxt: 17 iyun – 17 iyul Oyunların keçirildiyi stadionların sayı: 9 İştirakçılar (5 konfederasiyadan 24 milli komanda): ABŞ, Almaniya, Argentina, Belçika, Boliviya, Bolqarıstan, Braziliya, İrlandiya, İspaniya, İsveç, İsveçrə, İtaliya, Kamerun, Kolumbiya, Koreya, Meksika, Mərakeş, Niderland, Nigeriya, Norveç, Rumıniya, Rusiya, Səudiyyə Ərəbistanı, Yunanıstan Oyun sayı: 52 Qol sayı: 141 (orta hesabla 2,71) Penta-trik: 1 Poker: 0 Het-trik: 1 Penalti: 15 (hamısı dəqiq olub) Sarı (qırmızı) vərəqə: 235 (15) Avtoqol: 1 Tamaşaçı sayı: 3597042 (orta hesabla 69174) 1-ci yer: Braziliya 2-ci yer: İtaliya 3-cü yer: İsveç Bombardirlər: Xristo Stoiçkov (Bolqarıstan), Oleq Salenko (Rusiya) – 6

DÇ-1998 – FRANSA Vaxt: 10 iyun – 12 iyul Oyunların keçirildiyi stadionların sayı: 10 İştirakçılar (5 konfederasiyadan 32 milli komanda): ABŞ, Almaniya, Argentina, Avstriya, Belçika, Bolqarıstan, Braziliya, Cənubi Afrika, Çili, Danimarka, Fransa, Xorvatiya, İngiltərə, İran, İspaniya, İtaliya, Kamerun, Kolumbiya, Koreya, Meksika, Mərakeş, Niderland, Nigeriya, Norveç, Paraqvay, Rumıniya, Səudiyyə Ərəbistanı, Şotlandiya, Tunis, Yamayka, Yaponiya, Yuqoslaviya Oyun sayı: 64 Qol sayı: 171 (orta hesabla 2,67) Poker: 0 Het-trik: 1 Penalti: 18 (17-si dəqiq olub) Sarı (qırmızı) vərəqə: 258 (22) Avtoqol: 6 Tamaşaçı sayı: 2784687 (orta hesabla 43511) 1-ci yer: Fransa 2-ci yer: Braziliya 3-cü yer: Xorvatiya Bombardir: Davor Şuker (Xorvatiya) – 6

DÇ-2002 – KOREYA, YAPONİYA Vaxt: 31 may – 30 iyun Oyunların keçirildiyi stadionların sayı: 20 İştirakçılar (5 konfederasiyadan 32 milli komanda): ABŞ, Almaniya, Argentina, Belçika, Braziliya, Cənubi Afrika, Çin, Danimarka, Ekvador, Fransa, Xorvatiya, İngiltərə, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kamerun, Koreya, Kosta Rika, Meksika, Nigeriya, Paraqvay, Polşa, Portuqaliya, Rusiya, Seneqal, Səudiyyə Ərəbistanı, Sloveniya, Tunis, Türkiyə, Uruqvay, Yaponiya Oyun sayı: 64 Qol sayı: 161 (orta hesabla 2,52) Poker: 0 Het-trik: 2 Penalti: 18 (13-ü dəqiq olub) Sarı (qırmızı) vərəqə: 272 (17) Avtoqol: 3 Tamaşaçı sayı: 2705198 (orta hesabla 42269) 1-ci yer: Braziliya 2-ci yer: Almaniya 3-cü yer: Türkiyə Bombardir: Ronaldo (Braziliya) – 8

DÇ-2006 – ALMANİYA Vaxt: 9 iyun – 9 iyul Oyunların keçirildiyi stadionların sayı: 12 İştirakçılar (5 konfederasiyadan 32 milli komanda): ABŞ, Almaniya, Anqola, Argentina, Avstraliya, Braziliya, Çexiya, Ekvador, Fransa, Xorvatiya, İngiltərə, İran, İspaniya, İsveç, İsveçrə, İtaliya, Koreya, Kosta Rika, Kot d’İvuar, Qana, Meksika, Niderland, Paraqvay, Polşa, Portuqaliya, Serbiya və Monteneqro, Səudiyyə Ərəbistanı, Toqo, Trinidad və Tobaqo, Tunis, Ukrayna, Yaponiya Oyun sayı: 64 Qol sayı: 147 (orta hesabla 2,3) Poker: 0 Het-trik: 0 Penalti: 17 (13-ü dəqiq olub) Sarı (qırmızı) vərəqə: 345 (28) Avtoqol: 4 Tamaşaçı sayı: 3359439 (orta hesabla 52491) 1-ci yer: İtaliya 2-ci yer: Fransa 3-cü yer: Almaniya Bombardir: Miroslav Kloze (Almaniya) – 5

DÇ-2010 – Cənubi Afrika Vaxt: 11 iyun – 11 iyul Oyunların keçirildiyi stadionların sayı: 10 İştirakçılar (6 konfederasiyadan 32 milli komanda): ABŞ, Almaniya, Argentina, Avstraliya, Braziliya, Cənubi Afrika, Çili, Danimarka, Əlcəzair, Fransa, Honduras, İngiltərə, İspaniya, İsveçrə, İtaliya, Kamerun, KXDR, Koreya, Kot d’İvuar, Qana, Meksika, Niderland, Nigeriya, Paraqvay, Portuqaliya, Serbiya, Slovakiya, Sloveniya, Uruqvay, Yaponiya, Yeni Zelandiya, Yunanıstan Oyun sayı: 64 Qol sayı: 145 (orta hesabla 2,27) Poker: 0 Het-trik: 1 Penalti: 15 (9-u dəqiq olub) Sarı (qırmızı) vərəqə: 261 (17) Avtoqol: 2 Tamaşaçı sayı: 3178856 (orta hesabla 49670) 1-ci yer: İspaniya 2-ci yer: Niderland 3-cü yer: Almaniya Bombardirlər: Tomas Müller (Almaniya), David Vilya (İspaniya), Uesli Sneyder (Niderland), Dieqo Forlan (Uruqvay) – 5

DÇ-2014 – BRAZİLİYA Vaxt: 12 iyun – 13 iyul Oyunların keçirildiyi stadionların sayı: 12 İştirakçılar (5 konfederasiyadan 32 milli komanda): ABŞ, Almaniya, Argentina, Avstraliya, Belçika, Bosniya və Hersoqovina, Braziliya, Çili, Ekvador, Əlcəzair, Fransa, Honduras, Xorvatiya, İngiltərə, İran, İspaniya, İsveçrə, İtaliya, Kamerun, Kolumbiya, Koreya, Kosta Rika, Kot d’İvuar, Qana, Meksika, Niderland, Nigeriya, Portuqaliya, Rusiya, Uruqvay, Yaponiya, Yunanıstan  Oyun sayı: 64 Qol sayı: 171 (orta hesabla 2,67) Poker: 0 Het-trik: 2 Penalti: 13 (12-si dəqiq olub) Sarı (qırmızı) vərəqə: 187 (10) Avtoqol: 5 Tamaşaçı sayı: 3429873 (orta hesabla 53592) 1-ci yer: Almaniya 2-ci yer: Argentina 3-cü yer: Niderland Bombardir: Xames Rodriges (Kolumbiya) – 6

DÇ-2018 - RUSİYA Vaxt: 14 iyun - 15 iyul Oyunların keçirildiyi stadionların sayı: 12 İştirakçılar (5 konfederasiyadan 32 milli komanda): Almaniya, Argentina, Avstraliya, Belçika, Braziliya, Danimarka, Fransa, Xorvatiya, İngiltərə, İran, İslandiya, İspaniya, İsveç, İsveçrə, Kanada, Kolumbiya, Koreya, Kosta Rika, Meksika, Mərakeş, Misir, Nigeriya, Polşa, Portuqaliya, Peru, Rusiya, Seneqal, Serbiya, Səudiyyə Ərəbistanı, Tunis, Uruqvay, Yaponiya Oyun sayı: 64 Qol sayı: 169 (orta hesabla 2,64) Poker: 0 Het-trik: 2 Penalti: 29 (22-si dəqiq olub) Sarı (qırmızı) vərəqə: 219 (4) Avtoqol: 12 Tamaşaçı sayı: 3031768 (orta hesabla 47371) 1-ci yer: Fransa 2-ci yer: Xorvatiya 3-cü yer: Belçika Bombardir: Harri Keyn (İngiltərə) – 6

Mirağa Mirzəyev

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.  

DÇ-2022-yə doğru: 22-ci mundial və boykotlara iddia ilə cavab verən Qətər 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər