Almaniya milli komandasında baş məşqçi dəyişikliyi baş verə bilər.
Fanat.Az xəbər verir ki, dünya çempionu olduqdan sonra eniş dövrü yaşayan yığmanın baş məşqçisi Yoahim Lövün gedişi artıq müzakirə olunur. Almaniya mediası 58 yaşlı mütəxəssisin yığmadan gedə biləcəyini yazır. Məlumatlara görə, Almaniya Futbol İttifaqında da bununla bağlı müzakirələr gedir.
Qeyd edək ki, Yoahim Löv 2006-cı ildən milli komandaya başçılıq edir. Komanda onun rəhbərliyi altında "AVRO-2008"də final, "AVRO-2012" və "AVRO-2016"da yarımfinal oynayıb. Almaniya millisi Lövlə "DÇ-2010"da bürünc, "DÇ-2014"də qızıl medal qazanıb, 2017-ci ildə Konfederasiyalar Kubokunun qalibi olub.
Komanda bu yay Rusiyada keçirilən dünya çemionatında uğursuz çıxış edib. Belə ki, İsveç, Meksika və Cənubi Koreya ilə F qrupunda mübarizə aparan almanlar sonuncu olmuşdu.
Almaniya uğursuzluğu UEFA Millətlər Liqasında da davam etdirir. A Liqasının I qrupunda çıxış edən komanda ilk 3 turda qələbə qazana bilməyib. İlk matçda Fransa ilə "sülh" bağlayan (0:0) almanlar ardınca Hollaniya (0:3) və Fransaya (1:2) uduzub. Komanda 2000-ci ildən sonra ilk dəfə ardıcıl iki oyunda meydanı məğlubiyyətlə tərk edib.
Fanat.Az