8 il FİFA referisi olan Rəhim Həsənovun hakimlikdən uzaqlaşması, gedərkən də Hakimlər Komitəsinin "bostanına daş atması” gündəm mövzusu olaraq qalmaqdadır. Əslində, son illərdə bir neçə ədalət təmsilçisinin (yan xətt hakimlərindən Mübariz Haşımov, Yaşar Abbasov və başqaları) uzaqlaşması problemin varlığından xəbər verir.
Fanat.az olaraq, veteran ədalət təmsilçilərinin Rəhim Həsənovun hakimlikdən uzaqlaşması barədə nə düşündüklərini öyrənmək istədik.
Əli Hüseynov (sabiq Hakimlər Komitəsi sədri): "Mən Rəhimi cəsarətli hakim kimi tanıyıram. Qərarını dəyişib qayıtsa, yenə eyni düşüncədə qalacağam, onu dəstəkləyəcəyəm. O, hakimlik etdiyi müddətdə heç bir komandanın qarşısında gözükölgəli olmadı. Səhvləri oldu, amma bu, bilərəkdən deyildi. Oyunlarda heç kimi özünə yaxın buraxmırdı, necə bilirdisə, elə də qərar verirdi. Vaxtilə futbolçu olduğu üçün futbolçunu və futbolu yaxşı başa düşürdü. Əsl avtoritetli hakim idi. Komandalar, futbolçular ona hörmətlə yanaşırdı. Onun getməyini hələ istəməzdim. Gənc hakimlər ondan nümumə götürə bilərdilər. Hələ bir neçə il hakimliyə lazımlı biriydi.
Gec-tez hamı hakimliklə vidalaşacaq. Amma biz Almaniya, İtaliya, İspaniya, Braziliya deyilik ki, 20 hakimi göndərib 20 yenisini gətirək. Onlar inkişaf etmiş ölkələrdir, hakimləri də çoxdur. Biz estafeti tədricən gənc hakimlərə ötürməliyik. Cavanlara dünyagörüşünün formalaşması, təlim-məşq toplanışlarında, oyunlarda bişməsi, oyun qaydalarını mükəmməl bilməsi lazımdır. Amma Rəhim artıq "bişmiş” sayılırdı. FİFA referiliyinə qədər yüksəlmişdi. Nə baş verir? Niyə kütləvi gediş yaşanır? Bu, bir yerdə mütləq boşluğa yol açacaq. Həm də gedənlə normal şəkildə, əməyinə qiymət verilərək vudalaşmaq lazımdır. Hakimi bu şəkildə incidib yola salmaq düzgün deyil”.
Anar Salmanov (sabiq FİFA referisi, Hakimlər Komitəsinin üzvü): "Mən Rəhimlə bu barədə dəfələrlə danışdım, fikrindən döndərməyə çalışdım. Qərar özünündür. Deyir belə məsləhətdir. Hamımız onun xətrini çox istəyirik. Hakim kimi də dəyərlidir. Təcrübəli hakimlərə həmişə eytiyac olur. Sadəcə, iki dəfə normativ verə bilməyib. Bizdə iki dəfə imtahandan keçə bilməyənlər birinci diviziona düşür. O isə divizionda idarəçilik etmək istəmir. Yenə deyirəm, Rəhim yaxşı hakimdir, təcrubəlidir. Amma komitə sədrinin bugünə tələbi budur. O ki qaldı Mübariz Haşımova, o da zədə səbəbindən karyerasını erkən başa vurmalı oldu”.
Rövşən Əhmədov (veteran hakim, hakim-inspektor): "Mənim bu barədə danışmağım, komitəyə irad bildirməyim doğru olmaz. Heç rəhbərliklə aralarında nə baş verdiyini də bilmirəm. Amma bir hakim kimi münasibət bildirə bilərəm. Çünki həqiqətən Rəhimin hakimlikdən getməsi mənə çox pis təsir edib. Bunu eşidəndə çox təəssüfləndim. O, əla hakimdir, bunu dəfələrlə sübut edib. İstənilən ağır oyunu verirdilər, öhdəsindən gəlirdi. Bacarıqlı, ədalətli, təmənna güdməyən hakim kimi fərqlənib. İnsan kimi də çox dəyərlidir. Alicənab, qabiliyyətli oğlandır. 38 yaş hakimlik üçün erkəndir. Mən 45 yaşımda getmişəm. Bilirsiz, bir hakimi yetişdirmək, onu bu səviyyəyə çatdırmaq nə qədər əziyyətli işdir? Heyf...”
Mirağa