Vəli Qasımov: "Mladost"u keçmək asan olmayacaq"

Vəli Qasımov: "Mladost"u keçmək asan olmayacaq"
"Neftçi"nin idman direktoru Vəli Qasımov klubun rəsmi saytına müsahibə verib. Fanat.az müsahibəni təqdim edir.
- "Neftçi" Avstriya hazırlığını tamamlamaq üzrədi. Artıq iki yoxlama matçı keçirilib. Təlim-məşq toplanışı barədə fikirlərinizi bilmək maraqlı olardı.
- Əvvəlcə onu deyim ki, hazırlıq üçün az vaxtımız oldu. Ümumilikdə təlim-məşq toplanışı yaxşı keçir. Keçirdiyimiz yoxlama oyunlarında məşqçilər heyəti bütün futbolçulara şans verdi. Bildiyiniz kimi komanda üzvlərinin əksəriyyəti gənclərdən təşkil olunub. Onlar üçün bu görüşlərdə meydana çıxmaq, təcrübə qazanmaq baxımından vacibdi. Doğrudu nəticə olaraq komanda qələbə qazanmadı, amma belə görüşlərdə hesab ikinci plana keçir.
- Gənc futbolçular özünü doğruldurmu?
- Komandamızdakı gənclərin böyük potensialı var. Məşqçilər heyəti də çalışır ki, onların üstün tərəfləri ortaya çıxsın. Komandada olan təcrübəli legioner futbolçular da yerli oyunçulara dəstək olur. Bu gün üçün komanda tam hazır olmasa da, hiss olunur ki, böyük istək var.
- Hazırlıq dövründə komandaya qoşulan yeni transferlərlə bağlı nə deyə bilərsiniz?
- Çalışmışıq ki, "Neftçi"nin oyun planına uyğun futbolçular cəlb edək. Bizim futbolçularımız hər zaman texniki cəhətdən daha güclü olublar. Melli və Aylton isə daha çox taktiki oyun anlayışına yaxındılar. Fikrimcə, onlar komandaya faydalı ola biləcəklər. Məhəmməd Qurbanov da çox istəklidi. İkinci yoxlama matçında da bunu gördük.
- "Neftçi" Avropa Liqasının ilk təsnifat mərhələsində Çernoqoriyanın "Mladost" klubu ilə qarşılaşacaq. Şansları necə dəyərləndirirsiniz?
- Rəqib Avropa Liqasında təcrübəsi və futbol ənənəsi olan komandadı. Heyətindəki futbolçuların əksəriyyəti uzun müddətdir ki, birgə oynayırlar. Bəzi insanlar elə düşünür ki, rəqibimiz çox zəifdi və "Neftçi" rahatlıqla mərhələ adlayacaq. Bu düz yanaşma deyil. Rəqibi bu şəkildə qiymətləndirməmək olmaz. Komandamız yeni qurulur və hazırlıq üçün az vaxtımız oldu. Təbii ki, biz meydana qələbə qazanmaq və mərhələ keçmək üçün çıxacağıq. Amma heç kim deyə bilməz ki, bu çox rahat olacaq.
- Heyətə yeni oyunçuların cəlb olunması gözlənilirmi?
- Müəyyən mövqeləri gücləndirmək fkrimiz var. Amma indidən konkret danışmaq düzgün olmaz. İstəyirik ki, komandanı düzgün quraq və əlimizdə olan futbolçuların potensialından tam yararlanaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər