"Antalyada hər bir işdə peşəkarcasına seçilən bir Məşqçilər Komitəsi gördük. Hər bir klub rəhbəri bizimlə görüşündə təkliflərimizi, tövsiyələrimizi normal qəbul edirdi. Onlar da təkliflərini bildirdi". Fanat.az xəbər verir ki, bu sözləri publika.az-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqiv Sadıqov deyib.
Komitə sədri məşqçilərin Türkiyə səfərindən danışıb: "Antalyada 11 görüşümüz oldu, 14 yoxlama matçında iştirak etdik. Əsasən aşağı yaş qrupları üzrə milli komandalarımıza nəzarət edirdik. Ancaq klublarımızın da düşərgəsində olduq. Hər birimiz istəyirik ki, futbolumuz inkişaf etsin. Hədəfimiz 2020-ci ildə keçiriləcək Avropa çempionatında iştirak etməkdi. İndidən görülən işlərin bəhrəsini gələcəkdə görəcəyik".
Sadıqov legioner limiti ilə bağlı fikirlərini bildirib: "Limit məsələsində variantlar təbii ki, var. Bunun üzərində işləyirik. Amma məncə tək limit dəyişməklə nəyəsə nail ola bilməyəcəyik, kompleks şəklində işlər görülməlidi. Ən vacibi isə məncə tək Premyer Liqa yox, birinci dəstəyə də hansısa yeniliklər edilməlidir. Yəni liqalar arasında zəncirvari bağlılıq olmalıdı. I dəstədə fəaliyyət göstərən futbolçular arasındakı rəqabətin artması Premyer Liqaya təkan verə bilər. Biz birinci dəstəni Premyer Liqadan ayırmaq istəmirik, buna görə də bu gün qərar verdik ki, onların rəhbərləri və baş məşqçiləri ilə görüşlərə başlayaq. Onlarla fikir mübadiləsi aparaq, təkliflərini dinləyək. Bundan sonra ümumi ortaq məxrəcə gələk və onu da rəhbərliyə təqdim edək".
Məşqçilər Komitəsinin sədri Premyer Liqada klub sayını azaltmağın tərəfdarı deyil: "Fikrimcə, Premyer Liqa klublarının sayının azalması müsbət təsir göstərməyəcək. Digər tərəfdən çempionluğa namizəd 3 komanda gərgin mübarizə aparacaq. Demək olar ki, 4-cü yer üçün də (Avroliqaya vəsiqə) ən azından 3-4 komanda ciddi mübarizəyə qoşulacaq. İstər-istəməz komandaların strategiyası dəyişsə, çempionatın intriqası ölməyəcək. Yəni çempionluğa və Avroliqaya vəsiqə üçün sona qədər mübarizə olacaq. Düşünürəm ki, ən azından 6-7 klub intriqanı qoruyub saxlayacaq".
Fanat.az